Beynəlxalq

”Mehman Hüseynovdan onun ifşa etdiyi oliqarxların qisasını alırlar”

Siyasi partiyalar Mehman Hüseynovun saxlanılmasını pisləyir

Müsavat Partiyası bloqçu Mehman Hüseynovun saxlanması ilə bağlı bəyanat yayıb. Bəyanatda Mehman Hüseynovun naməlum şəxslər tərəfindən saxlanması və keçən 15 saat ərzində ailəsinə və yaxınlarına məlumat verilməməsi faktı pislənilir:

“Yalnız bu gün saat 12.00 radələrində – Mehman Hüseynovun həbsindən 16 saat sonra onun haqqında qərar qəbul edilməsi üçün Nəsimi rayon Məhkəməsinə aparılması məlum olub. Hüquq-mühafizə orqanlarının bu davranışları insan hüquqlarına, Azərbaycanın Konstitusiyası və qanunlarına ziddir.

Hakimiyyət dairələrinin ölkənin ən populyar bloqqerinə qarşı bu qanunsuz davranışları ölkədə mövcud olan siyasi qarşıdurmanı daha da dərinləşdirir. Hər kəsə aydındır ki, Mehman Hüseynovun həbsi onun hakimiyyəti tənqid edən yazıları, korrupsiya faktları ilə əlaqədar çəkərək sosial şəbəkədə paylaşdığı, 100 minlərlə vətəndaşın baxdığı videoları, yüksək dövlət vəzifəsi tutan şəxslərin qanunsuz əməlləri barədə ictimaiyyəti məlumatlandırması ilə bağlıdır”.

Bəyanatda vurğulanır ki, Müsavat Partiyası Mehman Hüseynovun qanuni prosedurların kobud surətdə pozulması ilə həyata keçirilən qeyri-qanuni həbsini, ona qondarma ittihamlarla cəza verilməsini ölkədə söz və ifadə azadlığına qarşı repressiya siyasətinin davamı kimi qiymətləndirir:

“Hakimiyyətdən ölkədə baş alıb gedən korrupsiya, rüşvətxorluq, özbaşınalıq halları barədə yazan jurnalistləri susdurmaq məqsədi ilə həbs etmək yox, bu materiallarda qeyd olunan faktların araşdırılmasını, günahkarların cəzalandırılmasını, Mehman Hüseynovun dərhal azadlığa buraxılmasını tələb edir”.

AXCP sədri Əli Kərimli də öz “Facebook” səhifəsində Mehman Hüseynovun saxlanmasını pisləyib:

“Mehman Hüseynovdan onun ifşa etdiyi oliqarxların qisasını alırlar. Dövlət hakimiyyəti rəsmən oliqarxların, büdcə oğrularının keşiyində durur. Dövləti o qədər kiçildib, gülünc günə qoydular ki, indi bu boyda dövlət aparatı gənc bloqqer Mehman Hüseynovun şərlənməsi üçün səfərbər edilib”.

Daha çox göstər
Back to top button