Təhlil

“Durum hesabatdakından daha ağırdır”

“Azərbaycanda insan haqlarının hazırkı durumu ABŞ Dövlət Departamentinin hesabatında göstəriləndən daha ağırdır. Artıq ölkədə vətəndaş cəmiyyəti, müxalifət və müstəqil media tamamilə sıradan çıxarılıb. Cəmiyyət elə vəziyyətə salınıb ki, istənilən etiraz forması qorxulu və təhlükəlidir. Sosial mediada kiçik bir tənqid belə fəal vətəndaşın həbsiylə nəticələnə bilir”.

Bunu siyasi şərhçi Azər Rəşidoğlu ABŞ Dövlət Departamentinin 2016-cı il dünyada insan haqlarının durumuyla bağlı hesabatını AzadlıqRadiosuna şərh edərkən bildirib.

“Hesabat yetərincə yumşaqdır”

Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, 2016-cı il ərzində ölkədə çox ciddi işgəncə iddiaları araşdırılmayıb, siyasi və dini fəalların həbsinin, azad medianın boğulmasının ardı-arası kəsilməyib.

Azər Rəşidoğlu deyir ki, istər ABŞ Dövlət Departamenti, Avropa Şurası və digər beynəlxalq qurumlar öz hesabatlarında ölkədə insan haqlarının durumunun ağırlığını göstərsələr də, problemlərin həlli yönündə heç bir irəliləyiş yoxdur:

“Mövcud faktları sadalamaqla iş bitmir. Əgər Azərbaycan üzərinə öhdəliklər götürübsə, insan haqlarını qorumalıdır və demokratik təsisatların mövcudluğunu bərqərar etməlidir. Ölkədə cəmiyyətin demokratikləşməsindən söhbət belə gedə bilməz. Nə müxalifət, nə müstəqil insanlar etiraz edə bilmirlər. Durum getdikcə daha kritik hal alır. Görünən budur ki, yaxın illər ərzində Azərbaycanda tənqid tamamilə yolverilməz olacaq. Bu baxımdan, Dövlət Departamentinin hesabatı yetərincə yumşaqdır”.

Müsavat Partiyasının başqanı Arif Hacılı yada salır ki, ənənəvi olaraq, bu cür hesabatlardan sonra hakimiyyət ABŞ-ın ünvanına tənqidi fikirlər səsləndirir:

“Bu hesabatda qeyd olunanlar tamamilə həqiqətdir. Əslində, heç həqiqətlərin hamısı da deyil. Azərbaycanda insan haqlarının durumu olduqca acınacaqlıdır. Ölkədə azad seçki, sərbəst toplaşma, söz və ifadə azadlığı hüquqları ciddi şəkildə pozulur. 150-də çox siyasi məhbus var. Siyasi məhbusların sayı nəinki azalmır, daim artır. Onların azadlığa buraxılması tələbləri səslənən bir vaxtda hakimiyyət gənc bloqqer Mehman Hüseynovu, digər fəalları həbs edir. Bu həbslər, az qala, hər həftə davam edir. Təbii ki, belə olan halda, beynəlxalq birliyin hesabatları sərt olacaq. Azərbaycan hakimiyyəti bu hesabatları açıqlayanlara neqativ mövqe tutmaqdansa, sadalanan problemləri aradan qaldırmaq haqqında düşünməlidir”.

“Bu cür iddiaların əsası yoxdur”

Hesabatda insan haqlarının pozulmasında ədliyyə sisteminin rolundan da danışılır: “Azərbaycan hökuməti fərqli düşüncəni cəzalandırmaqdan ötrü ədliyyə sistemindən yararlanıb, siyasi fəallar məhkəməyəqədərki dövrdə uzun müddətdə həbsxanada saxlanıb, qanunverciliyin tələbləri pozulmaqla mühakimələr aparılıb. Bundan başqa, hakimiyyət belə hallarda vəkillik etmək istəyən və buna qadir hüquqşünasların sayını azaldıb”.

Ədliyyə Nazirliyinin insan haqları şöbəsinin müdiri Faiq Qurbanovsa bunu çox subyektiv fikir sayır: “Buna ancaq belə qiymət vermək olar. Onlar hansı əsaslarla belə fikirlər səsləndirir? Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Bu cür iddiaların əsası yoxdur. Hər şeyə gərəkən diqqət yetirilir, araşdırılır”.

Faiq Qurbanov ölkədə hər şeyin qanun çərçivəsində baş verdiyini vurğulayır.

Son illər vətəndaş cəmiyyətinə basqıları yerli və beynəlxalq insan haqları qurumları sərt tənqid etsələr də, hakimiyyət təmsilçiləri bu iradları qəbul etmir, ölkədə bütün təməl hüquq və azadlıqların tam qorunduğunu bildirir.

Daha çox göstər
Back to top button