Təhlil

”Prezident Administrasiyası Birinci vitse-prezident administrasiyasına çevrilir”

”Dəyişiklik ailə hakimiyyətinin möhkəmlənməsi istiqamətində atılan addımdır”

Prezident İlham Əliyev Milli Məclisə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə layihə təqdim edib.

Layihəyə görə, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında “Administrasiya rəhbərinin vəzifəsi” sözləri “orqanın rəhbərinin vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi” sözləri ilə, “Azərbaycan Respublikası Dövlət müşavirlərinin” sözləri “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin” sözləri ilə əvəz ediləcək.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu dəyişiklik Azərbaycan Konstitusiyasına 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendum) qəbul edilmiş dəyişikliklərə uyğun olaraq, yeni yaradılmış Birinci vitse-prezidentin xidmətində olan dövlət qulluqçularının statusunu, təminatını və dövlət orqanındakı təsnifatını müəyyən etmək üçün verilib.

Prezidentin hazırlatdığı qanun layihəsini AXC hakimiyyəti zamanı dövlət müşaviri vəzifəsində çalışmış, hazırda Müsavat Partiyasının başqanı Arif Hacılı Meydan TV-yə şərh edib. O, Prezident Administrasiyasının Birinci vitse-prezident administrasiyasına çevrildiyini deyib.

Onun sözlərinə görə, Prezident Administrasiyası Birinci vitse-prezidentin tabeçiliyinə verilir. Eyni zamanda, müəyyən vəzifələrin təsir imkanları azaldılıb:

“Əvvəllər Prezident Administrasiyasının rəhbərinin bilavasitə tabeçiliyində olan vəzifəli şəxslərin Birinci vitse-prezidentin tabeçiliyinə verilməsi ölkədə son illərdə aparılan siyasətin davamıdır. Birinci vitse-prezident postunun müəyyən edilməsi və bu posta Mehriban Əliyevanın təyinatından sonra əslində onun ölkənin ikinci adamı olması tam həll edilməmişdi. Ölkədə real olaraq ikinci vəzifəli şəxs Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev idi”.

Arif Hacılı deyir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi layihəsinin təqdimatıyla Ramiz Mehtiyev faktiki olaraq funksiyalarını itirir:

“Və Birinci vitse-prezidentin administrasiyasının rəhbəri funksiyası hüququnu əldə edib və bununla Ramiz Mehdiyev Mehriban Əliyevanın tabeçilyində fəaliyyət göstərəcək”.

Arif Hacılı hesab edir ki, “Dövlət qulluğu haqqında” qanununa edilən dəyişiklik ölkədə ailə hakimiyyətinin möhkəmlənməsi istiqamətində atılan addımdır.

mənbə Meydan TV

Daha çox göstər
Back to top button