Cəbhəçi və xanımı işdən çıxarılıb

«Aprelin 27-də məni də, xanımımı da işlədiyimiz məktəblərdə müəllimlikdən azad etdilər».
Bunu AzadlıqRadiosuna Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Neftçala rayon təşkilatının sədri Əflatun Əhmədli bildirib.
Onun deməsinə görə, aprelin 25-də rayon təhsil şöbəsinə çağırılıb. Ondan Milli Şuranın bu il aprelin 8-də keçirdiyi icazəli aksiyada iştirak edib-etmədiyi barədə soruşublar: «Mən də cavab verdim ki, iştirak etməmişəm. Ondan sonra izahat tələb etdilər, izahat yazmaqdan imtina etdim. Tələb edirdilər ki, AXCP-dən istefa verək və mən buna getməyəcəyimi bildirdim. Dünən (aprelin 27-si) isə məni də, xanımımı da Əmək Məcəlləsinin müvafiq bəndi ilə işdən azad etdilər. Guya əmək müqaviləsinin tələbələrini yerinə yetirməmişəm».
Ə.Əhmədli deyir ki, özü Mayak kənd 1 saylı məktəbdə fizika, xanımı isə Neftçala şəhər 3 saylı məktəbdə rus dili fənnini tədris edib.
Ə.Əhmədli hesab edir ki, əmək müqaviləsindən irəli gələn tələblərin yerinə yetirilməməsi ilə bağlı göstərilən əsaslar quramadır: «Görünən budur ki, bizi faktiki siyasi əqidəmizə və mənsubiyyətimizə görə işdən xaric edərək cəzalandırıblar. Bunun başqa adı yoxdur. Bu, həm də rayonda partiyamızın fəaliyyətinin zəiflədilməsinə yönələn addımdır».






