Əliyevlərin ofşor qalmaqalını araşdıran jurnalistin ölümü bir sifariş ola bilər

Maltada tanınmış blogger Caruana Galizia evindən çıxdıqdan az sonra avtomobilində törədilmiş partlayışda öldürülüb. Malta polisi onun avtomobilində bomba partladıldığını açıqlayıb. 53 yaşlı Karuana Qalizia Maltalı siyasətçilərin də cəlb olunduğu korrupsiya hallarını aşkarlayan məşhur bloq yazısı yayımlamışdı. Polis jurnalistin öz avtomobili ilə Maltanın şimalında, Bidnija kəndi yaxınlığında hərəkət edərkən öldürüldüyünü söyləyir. Qətl edilən jurnalistlə həmrəy olduqlarını göstərmək üçün və jurnalistin ailəsinə dəstək məqsədilə Malta küçələrinə minlərlə insan axışıb. İnsanlar jurnalistin evinin qarşısına və parklara stendlər qurub, şamlar yandırırlar.
“Armenpress”-in verdiyi məlumata görə, Avropa Komissiyasının rəsmi nümayəndəsi Margaritas Sxinas qeyd edib ki, jurnalistin ölümü bir sifariş ola bilir. O vurğulayıb ki, Avropa Komissiyası hədisəni araşdırmağa və bütün günahkarları cəzalandırmağa çağırır. Maltada bütün siyasətçilər, o cümlədən Maltanın Baş naziri Cosef Muskat jurnalistə qarşı tərtib edilən sui-qəsdi pisləyiblər.
Xatırlataq ki, Karuana Qalizia yüksək vəzifə tutan bir neçə Malta siyasi fiqurunu Azərbaycanın birinci ailəsinə bağlanan çirkli pulların yuyulması əməliyyatında günahlandırıb. Malta baş nazirinin həyat yoldaşı Mişel Muskatın adı bu əməliyyatda hallanır. Qalizianın yazdığına görə, ötən il Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyevanın sahibi olduğu şirkətdən Keyt Skembrinin və Konrad Mizzinin Panamada qeydiyyatdan keçən “Tillgate Inc” and “Hearnville Inc” şirkətlərinə kredit ödənişləri şəklində böyük məbləğdə pul köçürülüb.
Bloqçu iddia edib ki, ödənişlər Dubayda qeydiyyatdan keçən və əsas payçısının Leyla Əliyeva olan “Al Sahra FZCO” şirkətindən “Pilatus” bankı vasitəsilə köçürülüb. Qalizianın yazdığına görə, “Pilatus” bankının da depozitlərinin 60 faizi fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Azərbaycanın prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva və oğlu Heydər Əliyevə məxsusdur.







