Təhlil

Niyə Azərbaycanda ÜDM artımı qonşu ölkələrin göstəricisindən çox geri qalır?

Oktyabrın 9-da Azərbaycan Nazirlər Kabinetinin müşavirəsi keçirilib. Prezident İlham Əliyev nazirlərin hesabatlarını dinləyərək deyib ki, 2018-ci il ölkə üçün uğurlu olub, ilin əvvəlindən qarşıya qoyulan vəzifələr uğurla və vaxtında yerinə yetirilir. Azərbaycan 2018-ci ildə də dinamik inkişafı təmin edib.

Ölkə iqtisadiyyatının inkişafını son iki il yarımda ümumi daxili məhsulun (ÜDM) həcmi üzrə izləmək olar, daha aydın olmaq üçün Azərbaycanın göstəricilərini qonşu ölkələrin ÜDM-i ilə müqayisə etmək olar. Məlumatlar Dövlət Statistika Komitəsinin hesabatlarından və qonşu dövlətlərin analoji qurumlarından götürülüb.

Azərbaycan Dövlət Statistika Komitəsi 2018-ci ilin 3 kvartalının göstəricilərini dərc edib. Ötən ilin analoji dövrü ilə müqayisədə ÜDM artımı + 0,8% təşkil edib.

2016-cı ildən Azərbaycanda ÜDM – 3,1%-dən + 0,8%-dək artıb. Bu, səkkiz ölkə arasında ən pis göstəricidir.

ÜDM dinamikası iqtisadiyyatın inkişafında yeganə və ən nümayişkaranə göstərici deyil. Qeyd edək ki, Türkmənistan ÜDM daim artım nümayiş etdirir (6,2%; 6,5%; 6,2%), lakin bu ölkənin vətəndaşları mühüm ərzaq mallarını və valyutanı Bakıdan alırlar.

Makroiqtisadiyyat üzrə ekspert Kamal Soltanov FB-də Ermənistan iqtisadiyyatının göstəricilərinə toxunub. Yerevan 2018-ci ilin 3-cü kvartalı üçün ÜDM artımı haqda məlumatları dərc etmir, ancaq üç kvartal üçün göstəriciləri dərc edib. Artım yaxşı olub: + 5,1%.

Turan agentliyi Kamal Soltanova müraciət edərək Azərbaycanın makroiqtisadi göstəricisinin mütləq göstəricilərdə uğurlu, lakin müqayisəli rəqəmlərdə cəlbedici olmayan inkişafını izah etməyi xahiş edib.

2014-2015-ci illərdə neftin qiyməti endikdən sonra Azərbaycan iqtisadiyyatının indiyədək staqnasiyada olmasının səbəbləri kifayət qədər bəllidir, ekspert cavab verib. İlk növbədə kiçik və orta biznesin inkişafı üçün yetərincə komfort şərait yaradılmayıb. Məsələ təkcə qanunvericiliyin yetərincə bitkin olmamasında və digər formal bazada deyil, söhbət etdiyim işgüzar adamların fikrincə, orada vəziyyət elə də pis deyil. Vergidən tutmuş gömrüyə qədər hakimiyyət strukturlarının məlum mənfi təsiri daha pisdir. Ona görə də bizim biznesmenlər pulu buraya yox, Rusiya, Türkiyə, Gürcüstana, biznesin daha sərbəst olduğu ölkələrə yatırır.

İqtisadiyyatda digər əngəl bütün sahələrdə inhisarın olmasıdır. Bütün iqtisadiyyat bir neçə məşhur soyad arasında bölünüb. Kənardan olan biznesmen ailə başçısının icazəsi olmadan iş ilə məşğul ola bilməz.

Ədalətli və müstəqil məhkəmənin olmaması. Biznesmenlər həmin inhisarçılar, gömrükçülər və vergiçilər tərəfindən pozulmuş hüquqlarını məhkəmə qaydasında müdafiə edə bilmirlər.

– Bəs niyə əvvəlki illərdə də mövcud olmuş həmin fundamental çatışmazlıqlar şəraitində iqtisadiyyatda artım olub, ancaq indi yoxdur?

– Azərbaycan iqtisadiyyatında artım neftdən böyük daxilolmalara və bunun ardınca da investisiyalara əsaslanıb, həm xarici şirkətlər tərəfindən, həm də dövlət və yerli oliqarx-korrupsionerlər tərəfindən. Neftin qiyməti $30-a və daha aşağı endikdən sonra birinci, ikinci və üçüncülər təbii ki, iqtisadiyyata əvvəlki kimi böyük həcmdə vəsait qoyuluşunu dayandırdılar. Ölkənin qızıl-valyuta ehtiyatları o zaman il ərzində təxminən $50 mlrd.-dan $35 мlrd.-dək azaldı, manat isə iki dəfədən çox ucuzlaşdı. Hesab edirəm ki, bundan sonra hökumət qərara aldı ki, qiymət artımı zamanı qızıl-valyuta ehtiyatları toplansın, onlar iqtisadiyyata yatırılmasın. Həmin ehtiyatlar o zaman bizi iflas olmaqdan xilas etdi. Ona görə də indi, iki ildən çoxdur ki, qiymətlərin artdığı vaxtda ÜDM demək olar ki, artmır.

Əlbəttə ki, o zaman ehtiyatlar maliyyə sistemini iflasdan xilas etdi, ancaq iqtisadiyyatı gələcək durğunluqdan xilas edə bilmədi. İqtisadiyyatın inkişafı üçün investisiya lazımdır, əgər daxil olan pullar iqtisadiyyata yatırılmırsa, növbəti böhran düşüncəsi ilə əlaqədar ehtiyatda yığılırsa ÜDM artımı da olmayacaq. Dövlət Statistika Komitəsinin saytında görünür ki, neçənci ildir ki, daxili investisiyalar azalır.

– Vergilər Nazirliyi miqyaslı islahat elan edib. Yanvarın 1-dən vergiqoyuluşu stavkaları kardinal şəkildə dəyişəcək. İslahat iqtisadiyyatın yaxşılaşmasına təsir göstərəcəkmi?

– Əgər biznesə olan korrupsiya təzyiqlərinə son qoyulmasa vergi islahatının öz-özlüyündə bir faydası olmayacaq. Bu, çoxdan məlumdur. Ən əsası odur ki, kiçik və orta biznesin inkişafı üçün şərait yoxdur, dövlətin hər ehtimala qarşı kənara qoyduğu valyuta kütləsinin əvəzini ödəməli olan investisiya yoxdur. Digər tərəfdən, dövlət tərəfindən regional layihələrə qoyulan böyük investisyalar var. Azərbaycan TANAP və TAP layihələrinin maliyyələşməsini öz üzərinə götürüb, bu isə milyardlarla dollardır. Bundan əlavə, SОCАR təkcə ölkə daxilində deyil, xaricdə də milyardlarla investisiya qoyur. Bu yaxınlarda Türkiyədə nəhəng STAR neft emalı zavodu açılıb.

Hətta dövlətin öz iqtisadiyyasına bu cür yanaşmasını nəzərə alsaq belə, biznes üçün şəraitin yaradılması bütün problemləri həll etmiş olardı. Gürcüstanda ölkə iqtisadiyyatına vəsait qoymaq üçün dövlətin milyardları yoxdur, ancaq biznes üçün şərait yaradılıb və iqtisadiyyatda davamlı artım var. Əlbəttə, dövlət investisiyaları artımı stimullaşdırır. Yəni, iqtisadi uğur üçün bizim gürcülərdə və ermənilərdə olduğundan daha çox potensial imkanlarımız var.

Sonuncu səbəb isə bankların işidir. Onların effektiv iştirakı olmadan iqtisadiyyat inkişaf etməyəcək. Nə qədər ki banklar ağlabatan faizlə iqtisadiyyatı maliyyələşdirməyəcək, iqtisadiyyatda artım gözləmək çətindir. Niyə bizim banklar yüksək faizlə kreditlər verirlər? Çünki onsuz da sahibkar daha aşağı faizlə kredit verən bank tapa bilməyəcək. Burada da inhisar var, – Kamal Soltanov müsahibəni yekunlaşdırıb.

Oliqarx-inhisarçı ailəsinə daxil olmayan azərbaycanlı biznesmenin ətrafındakı çevrə qapanıb. O, Azərbaycanda öz biznesini dayandırmalı, Türkiyə, Gürcüstan və ya Avropada yeni işə başlamalıdır.

Daha çox göstər
Back to top button