Təhlil

Ekspert. Azərbaycanda aparılan dəyişikliklər islahat adlandırıla bilməz

Azərbaycan hökumətində kadr dəyişiklikləri müşahidəçilər və şərhçilərin diqqət mərkəzində qalır. Bu həftə Prezident İlham Əliyevin sərəncamı ilə Ramiz Mehdiyev prezident administrasiyasının rəhbəri vəzifəsindən azad edilib. Bu və digər addımlar bəzi müşahidəçilər tərəfindən Azərbaycanda islahatların aparılmasına işarə kimi qiymətləndirilsə də, başqaları bu dəyişiklliklərə skeptik yanaşır. İqtisadçı ekspert, ABŞ-in Rutgers universitetinin professoru Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində son təyinatları şərh edib.

İqtisadçı ekspertin fikrincə, son yerdəyişmələr və təyinatlar hazırda Azərbaycanda yeni komandanın formalaşdırıldığını deməyə əsas verir.

Bununla belə Qubad İbadoğlu ölkədə yeni kadr siyasətinin `əməldə` aparıldığını demək üçün əsas olmadığını bildirib.

İqtisadçı ekspert Azərbaycanda sktruktur dəyişiklikləri ilə bağlı konseptual yanaşmanın olmadığını deyib. “Hal-hazırda bu məsələyə hər hansı bir konsepsiyadan hakimiyyətin münasibətini görmürəm. Sadəcə olaraq baş verənlər yerdəyişmələrdən ibarətdir, əvvəlki kadrların yeni vəfizələrə təyinatlarından ibarətdir və bəzilərinin bu, son nəticədə hökmran mövqeyini, hakimiyyət mövqeyini gücləndirir, digərlərini isə zəiflətməyə gətirib çıxarır”.

Qubad İbadoğlu İqtisadiyyat Nazirliyində struktur dəyişikliklərinin ölkənin iqtisadi problemlərin həllinə təsir göstərə biləcəyini gözləmədiyini bildirib. “İqtisadiyyat Nazirliyi ilə Vergilər Nazirliyinin birləşdirilməsi və Azərbaycanda belə `super nazirliyin, hakimiyyət içərisində hakimiyyətin` formalaşdırılmasının tərəfində deyildim və hesab edirəm ki, ölkədə İqtisadiyyat Nazirliyi də, Vergilər Xidməti də ayrıca fəaliyyət göstərsə daha effektiv olardı. Çünki İqtisadiyyat Nazirliynin əsas fokusu biznesə, biznes üçün əlverişli şəraitin formalaşdırılmasına və bütövlükdə götürəndə, biznes mühitinin yaxşılaşdırılmasına yönəldilməli idi. Vergilər isə ölkədə gizli məşğulluğun leqallaşdırılması, biznesin kölgədən çıxarılması, bütövlükdə gizli iqtisadiyyatın həm də miqyaslarının kiçildilməsi və Azərbaycanın maliyyə potensialından daha yaxşı istifadə edib, qeyri-neft sektorundan daxilomaların, dövlət büdcəsinə ödəmələrin artırılmasına xidmət edə bilərdi. İndiki halda hesab etmirəm ki, bu birləşmə hər iki məqsədin daha yaxşı şəkildə həyata keçirilməsinə imkan verəcək və bu iki məqsəddən ən azı birinin biz zəifləməsini bir daha müşahidə etmək məcburiyyətindəyik. Və xüsusilə də ən böyük çətinliklər gizli iqtisadiyyatın leqallaşdırılması, inhisarçılıqla mübarizə istiqamətində gözlənilir.”

Daha çox göstər
Back to top button