Beynəlxalq

Azərbaycanda internet azadlığı pisləşməkdədir: Freedom House

Freedom House təşkilatının 2018-ci il İnternet Azadlığı (Freedom of the Net) hesabatında Azərbaycanın da adı virtual aləmdə sərbəstliyin daraldığı ölkələrin sırasındadır. Məlkumatı Turan agentliyi yayıb.

Bu hesabatda hökumətlərin son bir il ərzində vətəndaşların güdülməsi üçün sosial mediadan istifadəsinin artmasından bəhs olunur.

Qeyd olunur ki, bir sıra ölkələrdə müxtəlif rejimlərin hakimiyyətdə saxlanması üçün internet saytlarının bloklanması və internetə girişin bağlanması kimi tədbirlərə əl atılıb.

Freedom House internet azadlığını yenə də 0-100 bal şkalası ilə qiymətləndirib. Burada “0” şərti olaraq internetin ən azad səviyyədə olmasını, 100 bal isə ən pis vəziyyətdə olmasını göstərir.

Bu şkalaya görə Azərbaycanın qiyməti 60-dır. Müqayisə üçün Gürcüstanda bu rəqəm 25, Ermənistanda isə 27-dir. Qismən azad ölkələr kateqoriyasında olan Azərbaycandan fərqli olaraq Cənubi Qafqazın digər iki ölkəsi azad ölkələr kateqoriyasındadır.

Üstəlik bu da deyilməlidir ki, Azərbaycan bu qiymətləndirməyə görə qismən azad ölkələrlə azad olmayan ölkələr kateqoriyasının düz “sərhədində” yerləşir. Onu azad olmayan Qazaxıstandan cəmi iki bal ayırır.

İnternet azadlığının məhdudlaşdırılmasının xarakterinə gəlincə isə qeyd edilir ki, Azərbaycanda siyasi, dini və sosial materialların bloklanması, hökumətyönlü şərhçilərin müzakirələri manipulyasiya etməsi, internetdə senzuranı gücləndirən qanun və qaydaların tətbiqi, bloger və istifadəçilərin həbsləri və saxlanması, hökumət tənqidçilərinə qarşı texnoloji hücumlar kimi hallar müşahidə olunub.

Bütün bunlara görə hesabatın başqa bir qrafikində Azərbaycanda internet azadlığının pisləşməkdə olduğu görünür. Hesabata görə ötən il ərzində Ermənistanda internet azadlığı yaxşılaşıb, Gürcüstanda isə pisləşib.

Daha çox göstər
Back to top button