Beynəlxalq

ABŞ Konqresinin Helsinki Komissiyasının rəsmisi Azərbaycanın müxalif partiyalarının rəhbərləri ilə görüşüb

Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq təşkilatlar qarşısındakı öhdəlikləri çərşənbə axşamı Respublikaçı Alternativ Partiyasının lideri İlqar Məmmədovun ABŞ Konqresinin Helsinki Komissiyasının baş siyasi müşaviri Everett Praysla görüşündə müzakirə olunub. Bu barədə Məmmədov Tvitter-dəki mikrobloqunda yazıb.

Xüsusən, ölkənin ATƏT və AŞ çərçivəsində öhdəlikləri kontekstində 2020-ci ildə keçiriləcək parlament seçkiləri müzakirə olunub.

Bu zaman namizədlərin qeydiyyatı və seçki kampaniyası zamanı toplaşmaq azadlığının təmin edilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Bundan əvvəl Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli də Praysla görüşüb. Kərimlinin Facebook səhifəsində yazdığına görə, görüşdə Praysı müşaiyət edən Dövlət Departamentinin və ABŞ səfirliyinin nümayəndələri də iştirak ediblər.

“Ölkədəki ictimai-siyasi vəziyyəti, xüsusilə də 19 oktyabr mitinqi zamanı və ondan sonra baş vermiş polis zorakılığını, işgəncə hallarını, ölkədə sərbəst toplaşma azadlığına qoyulmuş qanunsuz qadağanı müzakirə etdik. Rejimin etdikləri ölkəmizdə gerçək xaos yarada bilər. Dünya birliyi də susub, sakitcə seyr etməməlidir. İnsan hüquqlarını pozan, polis zorakılığına və işgəncəyə göstəriş verən vəzifəli şəxslərə qarşı beynəlxalq birlik tərəfindən ünvanlı sanksiyalar tətbiq edilməlidir”, deyə o qeyd edib.

Çərşənbə axşamı Prays Azərbaycanın vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri ilə də görüşlər keçirib, insan azadlıqlarının və KİV azadlığının vəziyyətini müzakirə edib.

Daha çox göstər
Back to top button