Beynəlxalq

Odri Altştadt: Əliyevin seçkiləri heç kəs üçün sürpriz olmadı

“Əliyev rejimi seçki prosesi vasitəsilə özünü elə göstərir sanki demokratiyanı qəbul edir və digər partiyaların sadəcə olaraq uduzduğunu iddia edir. Kimsə buna inanırmı? Xeyr. Amma Azərbaycanın anti-demokratik davranışına baraət qazandırmaq istəyənlərin indi Bakı hökümətinin demokratiya qurmaq üçün addımlar atdığına dair utanclı mövqelərini gizlətməyə azacıq bəhanələri var.”

Amerikanın Səsi-nin xəbərinə görə, bunu Massaçusets Universitetinin professoru Odri Altştadt Azərbaycanda keçirilən parlament seçkillərini şərh etdiyi “Azərbaycanda seçkilər: Gözləmirdinizsə, heç bir sürpriz olmadı” adlı məqaləsində yazıb.

Altştadt yazır ki, Azərbaycanın parlament seçkilərinin ən maraqlı tərəfi seçkinin nəticələri olmadı və heç vaxt da olmayıb. Onun sözlərinə görə, seçki prosesinə sıx nəzarət olunur. “Belə ki, seçki komissiyasına hakim partiya dominantlıq edir, namizədlər və kampaniyalara məhdudiyyətlər tətbiq olunur, seçki günündə topa bülletenlər atılır, səslər sayılanda müəmmalı bülletenlər əlavə olunur,” o qeyd edir.

ATƏT və Demokratik Təsisatlar və İnsan Haqları Bürosu parlament seçkisinin hər bir mərhələsində qanunauyğunsuzluqların olduğunu bildirib və ilkin hesabatda İlham Əliyev rejiminin Avropa İnsan Haqları Məhkəməsinin seçki ilə bağlı çıxardığı 32 qərarı yerinə yetirmədiyini qeyd edib.

“Bu yenilik deyil,” Altştadt yazır.

Lakin onun sözlərinə görə, prezident ötən dekabr ayında seçkiləri noyabrın 1-dən fevralın 9-na keçiriləcəyini elan edəndən sonra bəziləri gözlənilməz nəticələrin olacağını təxmin edirdi. “Rejim ötən payız kabinetdə dəyişikliklər etməklə Azərbaycanın gələcəyi ilə bağlı yeni təsəvvürünün olduğuna işarə etdi. Bu təsəvvürü isə Xruşov dövrünün yaşlı kommunistlərini əvəzləyəcək Qərb təhsili olan gənc kadrlar həyata keçirəcəkdi,” o yazır.

Demokratik Qüvvələrin Milli Şurası keçən seçkidə olduğu kimi bu dəfə də saxtalaşdırılacaq seçkidə iştirak etməklə ona legitimlik qazandırmamaq naminə səsverməni boykot etdi. Eyni zamanda Altştadt deyir ki, belə şayiələr var idi ki, rejimin nümayəndləri digər müxalif qruplarla gizli danışqlar aparıb və Prezident İlham Əliyevin şəxsən onları Milli Məclisdə görmək istədiyini deyib.

Bəzi müxalif qruplar, o cümlədən 2013-ci ildə həbs olunan və 2018-cı ildə azadlığa buraxılan İlqar Məmmədovun rəhbərlik etdiyi Real Alternativ partiyası da namizədlərini irəli sürdü. İlqar Məmmədovun özünə isə seçkidə iştirak etməyə icazə verilmədi.

Tarixçi deyir ki, bəzi müşahidəçilər və müxalif fiqurların gözləntilərinə baxmayaraq, bu seçki əvvəlkilərdən fərqlənmədi və yerlərin çoxunu hakim Yeni Azərbaycan Partiyasının namizədləri qazandı. Digər qazanlar isə YAP-la müttəfiq olan partiyalar və ya YAP-ın lehinə səs verən müstəqil namizədlər oldu.

REAL parlamentdə bir yer qazandı.

Altştadt söyləyir ki, təhlilçilər Əliyev hökümətinin nə üçün növbədənkar seçki keçirib, heç bir dəyişiklik etməməsinin səbəbini sual edir.

Tarixçinin cavabı isə budur: “Qeyri-ciddi səslənmək riskini gözə alaraq deyə bilərəm ki, bunun ən sadə cavabı budur: çünki o, bunu edə bilir.”

Alştadtın dediyinə görə, növbədənkənar seçkilərin bir çox üstünlükləri var. Növbədənkar seçki təhlilçiləri və fəalları rejimin nəzarətli və tədrici dəyişiklik etmək istədiyinə inandırır və Azərbaycanda da bu baş verdi. Seçkiyə hazırlıq maliyəsi az olan və hər addımda rejimin təzyiqi ilə üzləşən müxalif təşkilatlar üçün çox vaxt və resurs tələb edir. Seçki kampaniyaları insanaları emosional baxımdan tükədir. Namizədlər uduzanda onların tərəfdarlarının inam hissi ölür və onlar öz aktivizmlərini sual edir.

O, yazır ki, bu seçkidə prezidentin onların Milli Məclisdə təmsil olunmalarını istədiyinə inanan partiyalar seçkini boykot edən ittifaqdan ayrıldı və enerjilərini bir neçə namizəd üçün kampaniya aparmağa sərf etdi. “Onlar yalnız bir yeri qazandı və gülünc vəziyyətə düşdü,” Altştadt yazır.

Onun sözlərinə görə, növbədənkənar seçkilər beynəlxalq müşahidəçilərin hazırlıq üçün vaxtını azaltdı. “ATƏT seçkidən iki ay öncə ölkəyə müşahidə qrupu göndərir. Seçkinin dekabrdan fevrala keçirilməsi ilkin iki aylıq müşahidənin aparılmasına mane oldu və ölkəyə göndərilən müşahidə qrupunun daha az nəfərdən ibarət olmasına gətirib çıxardı. Bu, Əliyev rejiminin oynadığı oyundur,” o bildirir.

Altştadtın fikrincə, seçici fəallığının az olmasını istəyənlər üçün fevral ayı ideal zamandır. Bakıda qar nadir yağsa da, digər bölgələrdə tez-tez yağır. O deyir ki, bu il rejim bonus aldı – belə ki, Bakı daxil olmaqla bir çox bölgələrdə qar yağdı. Onun sözlərinə görə, seçici fəallığının 47 faiz olduğu bildirilsə də, bəzi müstəqil müşahidəçilər bu rəqəmin şişirildiyni deyir

“Əliyev rejimi seçki prosesi vasitəsilə özünü elə göstərir sanki demokratiyanı qəbul edir və digər partiyaların sadəcə olaraq uduzduğunu iddia edir. Kimsə buna inanır? Xeyr. Amma Azərbaycanın anti-demokratik davranışına baraət qazandırmaq istəyənlər Bakı hökümətinin demokratiya qurmaq üçün addımlar atdığına dair utanclı mövqelərini gizlətməyə azacıq bəhanələri var,” Odri Alştadt qeyd edir.

Onun bildirdiyinə görə, dünya boyu qeyri-demokratik və anti-demokratik rejimlərin sayının artması ilə Azərbaycan İlham Əliyev ilk hakimiyyətə gəldiyi zamanla müqayisədə artıq tək deyil. “Bu 1990-cı illərdə hakimiyyətə gələn post-sovet milli hökümətə inanan milyonlarla insan üçün dəhşətli nəticədir. O hökümət daha sonra hiyləgər hərbi liderlər və sabiq kommunist partiyası rəhbərləri tərəfindən ələ keçirildi,” o yazır.

Alştadt yazır ki, Azərbaycan 25 ildən çoxdur ki, iki Əliyev prezidentlikləri ilə üzləşir. “Hər il hakim ailə və onun oliqarxları daha korrupsioner, daha qüdrətli və bu korrupsiyanı qorumaq üçün daha repressiv olurlar. Təəccüb doğuran yeganə şey isə bəzilərinin hələ də rejimi ‘çətin qonşuluqda olan gənc demokratiya’ olduğunu iddia etməsidir.”

Daha çox göstər
Back to top button