BaşlıcaBeynəlxalq

Azərbaycan XİN-in ATƏT-də mövqeyi ölkənin nüfuzuna ziyandır: Anar Məmmədli

“Azərbaycanın Arlem Dezir barədə arqumentlərinin ciddi və əsaslı olduğuna inanmıram. Bütün hallarda yaranan mənzərə Azərbaycan üçün yaxşı hal deyil”.

Bunu Meydan TV-ə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli deyib.

O, ATƏT-də Azərbaycanın bir sıra təyinatların qarşısını almaq cəhdini şərh edib. “Turan” İnformasiya Agentliyinin məlumatına görə, ATƏT Daimi Şurasının növbəti üç il üçün ATƏT-in Baş Katibi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru, ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə Nümayəndəsi və milli azlıqların işləri üzrə Ali Komissarı vəzifəsinə təyinatlar haqqında ilkin qərarlar paketi Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən qəbul edilməyib.

Anar Məmmədli hesab edir ki, XİN-in mövqeyi söz və azadlıq məsələlərində barışmaz olduğunun göstəricisidir:

“Əgər bütün üzv dövlətlər bir şəxsin təyinatına etiraz etmirsə, yalnız bir, yaxud iki dövlət etiraz edirsə, bu, diplomatik çevrələrdə bir qədər cığallıq kimi qiymətləndirilir. Həm beynəlxalq, həm də daxildə bu məsələ təəssüf doğuracaq və ölkənin nüfuzuna ziyandır. Belə addımlarla Azərbaycan insan hüquqları sahəsində etibarını itirir. Görünür, hökumət bu mövqeyi ilə hansısa dövlətlərin onlarla bazarlıq etməsini gözləyir”.

Anar Məmmədli qeyd edib ki, Arlem Dezir KİV-in müstəqilliyi, söz və mətbuat azadlığının qorunmasında çox fəal olub. O xatırladıb ki, son 3 ildə Azərbaycan KİV-in vəziyyəti çox da ürəkaçan olmayıb, olduqca ciddi problemlər var.

“Konkret olaraq, saytlar bloklanıb, Əfqan Muxtarlı həbs olunub, sonra azad ediləndə ölkədən çıxarılıb. Sadaladıqlarım isə daim ATƏT-in diqqət mərkəzində olub. Arlem Dezir də öz mandatından irəli gələrək təşəbbüskarlıq göstərib, açıqlamalarla çıxış edib. İndi onun təyinatı məsələsinə üzv ölkələrdən yalnız Azərbaycanın qarşı çıxması yalnız bununla bağlı ola bilər”.

Daha çox göstər
Back to top button