Başlıcaİctimaiyyət

Azərbaycan xəstəxanalarında həkim çatışmazlığı barədə

Koronavirus epidemiyası ilə mübarizə aparan Azərbaycan əhalisinin hər 10 min nəfərinə 32 həkim, 54 tibb işçisi düşür. Bu, Statistika Komitəsinin yanvarın 1-nə olan məlumatıdır.

Hazırda əhalinin hər 10 min nəfərinə 0,9 nəfər gigiyena-epidemioloq düşür.

Ancaq koronavirusa yoluxmuş xəstələrin müalicəsinə nə qədər həkimin cəlb olunması ilə bağlı açıqlama verilmir.

TƏBİB-in sözçüsü Rəvanə Əliyeva BBC News Azərbaycancaya deyib ki, hazırda “onun əlində belə statistika yoxdur”.

Sosial mediada koronavirusa özü və ya yaxını yoluxmuş bəzi şəxslər xəstəxanalarda həkim çatışmazlığından narazılıq edirlər.

Rəvanə Əliyeva həkim çatışmazlığını təkzib edir, amma deyir ki, yoluxanların sayı artdıqca, belə ehtiyacların yaranması “normaldır”.

Azərbaycanda son iki ayda koronavirusa yoluxma halları kəskin artıb və ölkənin bəzi şəhər və rayonlarında sərt karantin rejimi elan edilib.

Azərbaycanda koronavirusa yoluxma sayı kəskin şəkildə artmağa başladıqdan sonra sosial mediada koronavirusa özü və ya yaxınları yoluxan şəxslərin xəstəxanalardakı vəziyyətlə, o cümlədən həkim çatışmazlığı ilə bağlı şikayətlər eşidilir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla hazırkı vəziyyətdə həkim çatışmazlığını mümkün sayır. Onun sözlərinə görə, tibb işçilərinin sayı əhalinin böyük əksəriyyətinin eyni vaxtda xəstələnmə ehtimalına hesablanmayıb:

Adil Qeybulla hesab edir ki, “belə vəziyyətlərdə həkim çatışmazlığı təbii haldır”.

Lakin professor hesab edir ki, “xəstə sayı artdıqca həkim defisiti olacaq”.

Prezident İlham Əliyev son çıxışlarının birində bildirmişdi ki, nə qədər həkim var, hamısını bu işlərə cəlb edirlər: “Bizim bundan iki dəfə çox həkimimiz yoxdur. Sabah bu pandemiya daha geniş vüsət alsa, əgər bu gün, misal üçün 300-400 adam yoluxursa, sabah daha çox adam yoluxarsa, bunları biz harada yerləşdirəcəyik? Tutaq ki, yerləşdirdik, indi xəstəxanalar tikilir və bizim boş çarpayılarımız var, ancaq həkimlərin sayını necə artıra bilərik?!”

Azərbaycanda ilk koronavirusa yoluxma halı fevralın 28-də qeydə alınıb.

İndiyədək bu virusa 21 mindən çox şəxs yoluxub. Yoluxma nəticəsində ölənlərin sayı 260-ı keçib.

Daha çox göstər
Back to top button