BaşlıcaSiyasətTəhlil

Azərbaycanda general Kosobokovun təyinatından narazıdırlar

Dağlıq Qarabağda yerləşən rus sülhməramlıların yeni komandirinin təyin edilməsi Azərbaycanda narazılıqla qəbul edildi. Bunun əsas səbəbi isə, Rüstəm Muradovu əvəz edən general-mayor Mixail Kosobokovun tərcümeyi-halıdır.

Məsələ odur ki, Kosobokov son illərdə rəsmi Moskvanın ərazi bütövlüyünə deyil, xalqların öz müqəddəratını təyin etmə prinsipinə üstünlük verdiyi postsovet məkanının demək olar ki, bütün bölgələrində xidmət göstərib.

General Kosobokov Krım yarımadasında Rusiya Hərbi Dəniz Qüvvələrinin komandir müavini vəzifəsində çalışıb. Bundan əvvəl isə, Kosobkov 2015-2017-ci illərdə Abxaziya bölgəsində Rusiyanın 7-ci hərbi bazasının komandiri olub.

Son vaxtlara qədər isə Mixail Kosobkov Rusiyanın 58-ci Ümumqoşun Ordusunun komandir müavini olub. Qeyd edək ki, Rusiyanın 58-ci Ümumqoşun Ordusu Şimali Qafqaz və Cənubi Osetiya bölgəsində yerləşir.

Bütün bunları nəzərə alaraq, istər Azərbaycan müxalifəti, istərsə də iqtidaryönlü xadimləri Kosobokovun sülhməramlı kontingentin komandiri vəzifəsinə təyin edilməsindən ciddi narazılıq dilə gətiriblər.

Azərbaycan parlamentinin deputatı Rasim Musabayov Facebookda yazıb: “Fərz etməyə cəsarət edirəm ki, separatçı Abxaziyadakı hərbi bazanın keçmiş komandirinin təyin edilməsi tərəfimizdən dəstəklənmədi”.

Jurnalist Əfqan Muxtarlı isə, qeyd edib ki, “General mayor Mixail Kosobokov bundan əvvəl Gürcüstanın Abxaziya bölgəsində “sülh” yaratmaqla məşğul olub və həmin dönəmdə Rusiya seperatçı abxaz rejiminin “müstəqiliyini” tanıyıb. Artıq Kasabokov Ermənistanın müdafiə naziri ilə görüşüb. Biz bu xəbərləri erməni və rus saytlarından öyrənirik. Kosobakovun bazası Azərbaycan ərazisində yerləşsədə o öncə erməni nazirlə görüşməyə üstünlük verib”.

Jurnalist əlavə edib ki, “görünür Rusiya komandanlar təyin edəndə Azərbaycanın yox Ermənistanın rəyini nəzərə alır”.

Digər azərbaycanlı müxalifətçi, Sürixdə yaşayan jurnalist Rauf Mirqədirov, Facebook səhifəsində Kosobokovun Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşünün fotosunu paylaşaraq yazıb: “Bəziləri deyəcək ki, bundan pis olmaz. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, olur.”

Azərbaycandan alınan məlumatlara görə, Bakıda Rusiyanın hərəkətlərini Türkiyə ilə hərbi-siyasi münasibətlərin daha da dərinləşməsiylə tarazlaşdırmağa çalışırlar.

Daha çox göstər
Back to top button