
2020-ci ilin payızında Ermənistan əcnəbi terrorçuların və muzdlular kimi istifadə edilən yaraqlıların bölgəyə kütləvi şəkildə köçürülməsi ilə üzləşib.
Bu barədə ER xarici işlər nazirinin müavini Armen Qevondyan “Valday” Beynəlxalq Debat Klubu çərçivəsində “Yeni dövrdə kollektiv təhlükəsizlik: KTMT-nin təcrübəsi və perspektivləri” konfransında çıxış edərkən bildirib.
“Terrorçuluğa qarşı mübarizədə kollektiv səylərin artırılması, o cümlədən xarici terrorçuların silahlı münaqişələrdə istifadə üçün muzdlu kimi hazırlanması, maliyyələşdirilməsi və silahlandırılmasına qarşı tədbirlər görülüb. Biz 2020-ci ilin payızında regionumuzda bununla qarşılaşdıq”,-o qeyd etdi.
Onun sözlərinə görə, KTMT mövcud olduğu illərdə regional təhlükəsizliyin qorunması faktoruna çevrilib. Dünyada təhlükəsizlik mexanizmlərinin tənəzzülü fonunda təşkilat çoxfunksiyalı struktur kimi üzvlərinin təhlükəsizliyini təmin etməyə yönəlib.
Qevondyan vurğulayıb ki, üzv dövlətlər Təşkilatın potensialını, qüvvələrini və resurslarını təkmilləşdirmək üçün səylər göstərir, beynəlxalq və regional məsələlər üzrə xarici siyasət təşəbbüslərini əlaqələndirmək üçün fəal məsləhətləşmələr aparırlar.







