Azərbaycanda əhalinin əksəriyyəti İranın Ermənistanın maraqlarını qoruduğunu düşünür

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan-İran münasibətləri və İranın regional maraqlarına dair fikirlərini öyrənmək məqsədilə sorğular keçirib.
APA-ya görə, respondentlərin 76.8%-i İranın regionda Ermənistanın maraqlarını qoruduğunu, başqa sözlə öz regional maraqlarını Ermənistan üzərindən reallaşdırmağa çalışdığını bildirib.
İştirakçıların 5.5%-i İranın Ermənistan və Azərbaycana münasibətdə tərəfsiz mövqedə olduğunu, cəmi 3.4%-i Azərbaycanın maraqlarını üstün tutduğunu ifadə edib.
Respondentlərin 14.3%-i bu barədə məlumatsız olduğunu bildirib, yaxud fikir bildirməkdə çətinlik çəkib.
Sorğu çərçivəsində respondentlərin “Sizcə, Azərbaycan İranla münasibətlərində ən çox hansı amili nəzərə almalıdır?” sualı ətrafında da fikirləri öyrənilib.
İştirakçılar arasında hər üç nəfərdən biri (35.7%) hesab edir ki, Azərbaycan İranla münasibətlərində bu ölkənin Ermənistana dəstək olması amilini nəzərə almalıdır.
29.7%-i Azərbaycanın İranla münasibətlərində tarixi köklərin və qonşuluq əlaqələrinin nəzərə alınmalı olduğunu qeyd edib. İştirakçıların cəmi 1,6%-i İranın dünyada təcrid olunmuş, sanksiyalara məruz qalmış ölkə olması cavabını verib, 7,0%-i digər amilləri qeyd edib. Respondentlərin 17,7%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.







