
İraq prezidenti Əbdül Lətif Rəşid Ermənistana səfərini tarixi hesab edir.
“Armenpress”in məlumatına görə, bunu İraq prezidenti ER prezidenti Vahaqn Xaçaturyanla görüşdən sonra keçirdiyi brifinqdə deyib. “Bu, İraq prezidentinin Ermənistana ilk səfəridir, ona görə də mən bu səfəri tarixi səfər hesab edirəm. Qonaqpərvərliyə və səmimi qəbula görə Ermənistana təşəkkür edirəm”, – deyə o bildirib.
İraq prezidenti qeyd edib ki, Ermənistanla İraq arasında çox güclü əlaqələr var: coğrafi, mədəni, sosial. “Biz İraqın erməni icması ilə fəxr edirik. Onların İraq xalqı ilə birgə yaşaması qədim dövrlərə gedib çıxır”, – deyə Rəşid bildirib.
Onun sözlərinə görə, Ermənistana səfəri iki ölkə arasında mədəni, siyasi, iqtisadi və turizm sahələrində mövcud əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
İraq Prezidenti qeyd edib ki, ölkənin bütün dövlət qurumları bütün işlərini xidmət sektorunda islahatlara yönəldir və bu məsələdə beynəlxalq ictimaiyyətin, Ermənistan kimi dost ölkələrin dəstəyinə ehtiyac duyurlar.
İraq prezidentinin sözlərinə görə, onların Ermənistanla ticarət sahəsində geniş əməkdaşlığı var.
Əbdül Lətif Rəşid həmçinin vurğulayıb ki, Ermənistanla İraq arasında hava əlaqəsi yaradılmalıdır ki, bu da qarşılıqlı səfərlərin artmasına töhfə verəcək.







