
Jurnalistlərin təqibləri və həbslərii, axtarışlar, möhürlənmiş qapılar – Azərbaycan hökuməti dissidentləri və müstəqil jurnalistləri qorxutmaq və susdurmaq siyasətini davam etdirir. Uzun müddətdir ki, Azərbaycanda jurnalistlərin ovu başlayıb və həbslər növbədənkənar prezident seçkilərindən sonra da dayanmayıb.
Qeyd edək ki, 2023-cü il noyabr ayından bəri Azərbaycanda onlarla müstəqil jurnalist, fəal və ictimai-siyasi xadim həbs edilib. Beynəlxalq təşkilatlar onları siyasi məhbus hesab edir. Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın yeni siyahısında dekabrın əvvəlində elan edilmiş əvvəlki siyahı ilə müqayisədə siyasi məhbusların sayı 43 nəfər artaraq təxminən 300 nəfərə çatıb.
Xatırladaq ki, bu dəfə polisin hədəfində Toplum TV-idi, internet televiziyasının təsisçisi Ələsgər Məmmədli və bir neçə əməkdaşı həbs edilib. Baş redaktoru Xədicə İsmayıl da Polis İdarəsinə çağırılıb. O, özünün saxlanılacağını və sonradan həbs olunacağını istisna etməyib və qeyd edib ki, beləliklə, ölkədə müstəqil medianı tamamilə sıradan çıxarmaq istəyirlər ki, tənqidi fikirlər üçün platformalar qalmasın.
Üçüncü Respublika Platformasının və Toplum TV-nin ofisində polis reydi və jurnalistlərin həbsləri geniş qınaqlarla qarşılanıb. “İlham Əliyev diktaturası jurnalistikanı məhv etməkdədir” – deyə beynəlxalq təşkilatlar həyəcan təbili çalır.
“Amnesty International”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar”, ABŞ Dövlət Departamenti, Avropa İttifaqı, Avropa Şurasının Jurnalistləri Qoruma Platforması və bir sıra Avropa ölkələri Azərbaycan hakimiyyətini jurnalistləri dərhal azad etməyə, onlara qarşı ittihamları ləğv etməyə çağırıb․ Martın 15-də isə Norveç İnsan Hüquqları Evi Fondunun təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasının 55-ci sessiyası çərçivəsində “Azərbaycanda media və vətəndaş cəmiyyəti təzyiq altında” mövzusunda tədbir keçirilib.
Qeyd edək ki, Toplum TV Azərbaycanda rəsmilər arasında korrupsiyanı işıqlandıran, araşdırmalar aparan azsaylı müstəqil media orqanlarından biridir. AbzasMedia-nın, Kanal 13 müstəqil kanalının bir neçə jurnalisti, bir sıra siyasi və vətəndaş cəmiyyəti fəalları artıq həbsdədir. Son həbslər Azərbaycan hakimiyyətinin istənilən müstəqil səslərə, istənilən tənqidi səslərə qarşı tam sürətlə mübarizə apardığının bariz göstəricisidir. Azərbaycanda hakimiyyət bütün tənqidlərə məhəl qoymayaraq, öz ictimaiyyətini İlham Əliyevi və onun siyasətini tərifləyən təbliğat maşınının hazır xəbərləri ilə məhdudlaşdırmaqla müstəqil medianı əsaslı şəkildə kökündən silməkdə və öldürməkdə davam edir.







