
İsrailin ŞABAK (Ümumi Təhlükəsizlik Xidməti) və polis birgə bəyanat yayıb və daha bir qrup israillinin Azərbaycan xüsusi xidmət orqanları tərəfindən cəlb edildiyini müəyyən edib.
Bu haqda məlumatı “Bugün İsraildə” portalı verib.
Yayımlanan məlumatlara əsasən, Lod şəhərindən olan 32 yaşlı Rafael və Lala Quliyev adlı ər-arvad həbs olunub.
Bəyanatda qeyd edilir ki, Quliyevləri 56 yaşında olan Azərbaycan vətəndaşı Elxan Ağayev adlı şəxs cəlb edib. Ağayevin İran xüsusi xidmət orqanlarının tapşırığı ilə fəaliyyət göstərdiyi ehtimal edilir.
Quliyevlərin milli infrastrukturlar və təhlükəsizlik obyektləri ilə bağlı kəşfiyyat məlumatları toplamaq, habelə INSS (Milli Təhlükəsizlik Tədqiqatları İnstitutu) adlı təhlükəsizlik institutunda çalışan qadın tədqiqatçını izləmək missiyası yerinə yetirdiyi bildirilir.
İran xüsusi xidmət orqanlarının bu qadını öldürməyi planlaşdırdığı da iddia olunur. Bundan əlavə, ehtimala görə, Quliyevlərə həmin qadını öldürməyi öhdəsinə götürəcək bir şəxs tapmaq tapşırılıb.







