
“Həmin nəşrlərin əsas tezisi ondan ibarətdir ki, Ermənistan və ya mən daxili siyasi səbəblərə görə Azərbaycana qarşı müharibəyə başlamalıyıq, halbuki istənilən müşahidəçi bizim, konkret olaraq mənim üçün regionda vəziyyətin sabit olmasının faydalı olduğunu görə bilər”. Bunu Nikol Paşinyan dekabrın 4-də Parlament-Hökumət sual-cavab iclasında “Mülki müqavilə” fraksiyasının deputatı Tiqran Parsilyanın Azərbaycan mətbuatında Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşmasına dair yayılan yalan xəbərlərin məqsədi ilə bağlı sualını cavablandırarkən deyib.
“Qeyd etdiyiniz nəşrlər sübut edir ki, regionda sabitliyin pozulmasında maraqlı olan qüvvələr var. Cavabımız aşağıdakı olmalıdır. əvvəlcə təxribatlara boyun əyməməli, ondan sonra mütəmadi olaraq mövqeyimizi aydınlaşdırmalıyıq. Əvvəla, bizim Azərbaycana hücum etmək üçün heç bir əsasımız yoxdur, çünki biz siyasi müstəvidə daha bir hüquqi addım atmışıq və bir-birimizin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımışıq. Hətta Parlamentimizdə delimitasiya komissiyalarının birgə fəaliyyətinin nizamnaməsini ratifikasiya edib və biz tezliklə növbəti hissədə delimitasiya prosesinə başlamalıyıq. Ermənistanın regionda sabitliyi pozmağa yönəlmiş istənilən hərəkətini istisna edirəm. Ölkəmizin 200 kvadrat kilometrdən çox ərazisi işğal olunub, lakin biz bəyan edirik ki, həmin ərazilərin məsələsinin hərbi yolla həlli bizim gündəmimizdə deyil və olmayacaq”, – Paşinyan əlavə edib.
Nikol Paşinyan ümid etdiyini bildirib ki, onlar “Sülh sazişi” layihəsi üzrə işləri aktivləşdirəcəklər, çünki işlərin 90 faizi artıq görülüb və hələ ki, müqavilənin imzalanması qalır.







