Türkiyəyönlü qüvvələrlə kürdlər arasında münaqişə Suriyada vətəndaş müharibəsinə çevrilə bilər: Washington Post

Suriyada Bəşər Əsəd hökumətinin devrilməsindən sonra Türkiyəyönlü və kürd qüvvələrin iştirakı ilə vətəndaş müharibəsi başlaya bilər. Bu barədə “The Washington Post” qəzeti yazır.
Onun qiymətləndirməsinə görə, kürdlərin müstəqillik elan etmək cəhdi Suriyanın yeni hakimiyyət orqanlarının qəti müqaviməti ilə qarşılaşacaq və “Ankaranı Suriyaya daha da dərinə çəkə və ölkənin şimal-şərqində yerləşən Amerika qoşunlarını tələyə sala bilər”.
“The Washington Post” yazır ki, Suriya müxalifətində parçalanma riskləri, həmçinin İsrail, Türkiyə və ABŞ-ın ərəb respublikasının işlərinə davamlı müdaxiləsi davam edəcək. Türkiyəyönlü qrupların növbəti hücumları çox güman ki, kürd qüvvələrini geri çəkilməyə məcbur edəcək. Bu da Amerika hərbçilərinin Suriyada mövcudluğunu təhdid edəcək.
Suriyanın şərq və şimal-şərqdə yerləşən Deyr əz-Zor, Rəqqa və Həsəkə əyalətlərinin əksəriyyəti hazırda ABŞ-ın dəstəklədiyi kürd “Suriya Demokratik Qüvvələri”nin nəzarətindədir.
2015-ci ildən bəri Amerika komandanlığı regionda doqquz hərbi baza yaradıb. Kürdlər Suriya ərazisinin 25 faizinə nəzarət edirlər.






