
Bakıda erməni əsirləri və girovlarına qarşı keçirilən, belə adlandırılan “məhkəmə prosesi” davam edir. Azərbaycanın prokurorluğu keçmiş Qarabağ rəsmilərinə terrorçuluqdan tutmuş qanunsuz silahlı qruplaşmalar yaratmağa qədər ağır ittihamlar irəli sürüb.
Məhkəmə “açıq rejimdə” keçirildiyindən, Azərbaycan mediası keçmiş Qarabağ rəhbərlərinin, o cümlədən keçmiş dövlət naziri, iş adamı Ruben Vardanyanın və digər əsir düşmüş rəsmilərin şəkillərini yayımlayıb.
Məhkəmə prosesini əsirlərin ailə üzvləri də yaxından izləyir. Keçmiş xarici işlər naziri David Babayanın oğlu Tiqran Babayan MediaHub-a verdiyi açıqlamada bildirib ki, atası və digər saxlanılan şəxslər barədə yayımlanan məlumatlardan başqa əlavə bir şey bilmir:
“Yanvarın 17-də keçirilən ilkin məhkəmə iclasında vəkillər və tərcüməçilər təyin olunub. Ümumiyyətlə, həm atamın, həm də digər saxlanılanların öz vəkilləri var.
Yanvarın 17-dən sonra onunla danışmamışıq, əlavə detallardan xəbərim yoxdur. Yalnız xəbər saytlarından öyrənmişəm ki, atama qarşı irəli sürülən ittihamlar digərləri ilə müqayisədə nisbətən yüngüldür.
Odur ki, məhkəmənin sonunu gözləyək, görək nə olacaq. Hər halda, ümidimizi itirmirik, güclü olmağa çalışırıq”– deyə Tiqran Babayan bildirib.
Xatırladaq ki, hazırda Azərbaycan həbsxanalarında 23 erməni əsir saxlanılır, o cümlədən Azərbaycanın 2023-cü il sentyabrın 19-da Qarabağa qarşı hərbi hücumu zamanı əsir götürülmüş 16 nəfər. Digərləri isə 2020-ci il müharibəsi və 2022-ci ildən sonra Qarabağın blokadası dövründə Bakının həbsxanalarına düşüblər







