
Sərhəd delimitasiyası nəticəsində hər hansı strateji infrastrukturumuz – yol, qaz kəməri, yüksəklik – Azərbaycanın nəzarətinə keçə bilərmi?
Bu suala cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyanın efirində qeyd edib:
“Dinləyin, bizim heç bir strateji infrastruktur delimitasiya nəticəsində başqasına qala bilməz. Delimitasiyanın məğzi ondan ibarətdir ki, beynəlxalq səviyyədə tanınmış de-yure sərhədlər xəritədəki kimi yer üzərində öz əksini tapsın.
Başa düşürsünüzmü, sizin dediyiniz delimitasiya ideyasına tamamilə ziddir”.
O, əlavə edib ki, söhbət qaz xəttinin delimitasiyasından deyil, sərhəd delimitasiyasından gedir:
“Bizim beynəlxalq səviyyədə tanınmış sərhədimiz var və bu sərhəd yer üzərində əksini tapmalıdır. Başa düşürsünüzmü, sərhəd yer üzərində görünməlidir və bu, Ermənistan Respublikasının maraqlarına uyğundur.
İndi elə vəziyyətlər ola bilər ki, delimitasiya komissiyaları, o cümlədən infrastruktur və insanların yaşayışını təşkil etmək üçün bir ərazinin, hansı ki de-yure bir ölkənin ərazisindədir, mübadilə edilməsini təklif edə bilər.
Belə hallar, o cümlədən ATƏT-in sərhəd delimitasiyası qaydalarına əsasən nəzərdə tutulub ki, bizim müxalifət də buna istinad edir” – deyə o, bildirib.
Baş nazir izah edib ki, əgər belə vəziyyətlər yaranarsa, bunu yalnız referendum yolu ilə etmək mümkündür:
“Əgər delimitasiya komissiyaları belə bir nəticəyə gəlsələr, biz xalqımıza deyəcəyik ki, əziz xalq, bu ərazi de-yure bir ölkənin ərazisindədir, lakin delimitasiya komissiyaları bu ərazinin digər bir ərazi ilə dəyişdirilməsinin mümkün olduğunu düşünürlər.
Komissiyalar bunu edə bilərmi? Xeyr, edə bilməzlər. Təklif edə bilərlərmi? Nəzəri cəhətdən bəli. Mən indi birbaşa deyirəm ki, belə bir mövzu yoxdur, heç vaxt müzakirə olunmayıb.
Amma belə bir vəziyyət yaranarsa, əvvəlcə hökumət bunu qəbul etməli, sonra xalqa müraciət etməli və bu seçimi xalqın qərarına buraxmalıdır: bu yolu seçək, yoxsa seçməyək? Xalq qərar verəcək ki, gedək ya yox.
Diqqətə çəkmək istəyirəm ki, sərhəd xətti də müəyyən qalınlığa malikdir. Məsələn, xəritədəki xətt bir millimetrdir, elə deyilmi? Amma yer üzərində bu, dörd metr, üç metr, bir metr ola bilər.
Mən indi belə hallardan danışmıram. Adətən, bu məsafələrdə sərhəd nöqtəsi həmin genişliyin ortasında müəyyən edilir. Orada heç bir problem yoxdur”– deyə Paşinyan vurğulayıb.







