“İm Kaylı” və “Qatar Foundation for Social Work” arasında memorandum imzalanıb

Ermənistanın “İm Kaylı” və Qətərin “Qatar Foundation for Social Work” adlı iri fondları arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə memorandum imzalanıb.
Yüksək səviyyəli rəsmilərin iştirakı ilə sosial inkişaf sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib.

Alınan məlumata görə, görüş Qətərin Sosial İnkişaf və Ailə Məsələləri üzrə naziri Butayna bint Al Cabir Al Nuaiminin ofisində keçirilib.
Görüşdə Ermənistanın Baş nazirinin xanımı, “İm Kaylı” Fondunun icraçı direktoru Anna Akopyan, fondun direktor müavini Talin Topalakyan və “Qatar Foundation for Social Work”un səlahiyyətli baş direktoru Xalid Al Kuvari birgə layihələrin həyata keçirilməsi yolları, benefisiar qruplar üçün yeni imkanların yaradılması və sosial dəstək sahəsində təcrübə mübadiləsi mövzusunda müzakirələr aparıblar.
Memoranduma əsasən, “Qatar Foundation for Social Work”un himayəsində fəaliyyət göstərən 8 mərkəzlə əməkdaşlıq müqavilələri imzalanacaq.

“Bu müzakirə iki Fond arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı oldu və fəaliyyət üçün aydın çərçivələr müəyyən etdi. Bir neçə ay ərzində uzunmüddətli və effektiv strategiyaya çevrilə biləcək mühüm addımlar müzakirə edildi.
Hər iki fondun ortaq baxışı – insan kapitalının inkişafı və fərdi potensialın üzə çıxarılmasıdır. Ümid edirik ki, bu əməkdaşlıq real təsir göstərəcək” – deyə “İm Kaylı” Fondunun yaydığı məlumatda qeyd olunub.
Görüşün sonunda Butayna bint Al Cabir Al Nuaimi Anna Hakopyanı əməkdaşlığın genişləndirilməsində göstərdiyi səylərə görə xatirə medalı ilə təltif edib.
Müzakirələr iki ölkə arasında sosial tərəfdaşlıq üçün əsasları daha da möhkəmləndirib və uzunmüddətli əməkdaşlığın strateji istiqamətlərini müəyyən edib.








