
Ermənistanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəliyinə Ermənistan Respublikasının müdafiə məsələləri üzrə attaşe təyin olunacaq.
Bu qərar layihəsi Ermənistan hökumətinə Müdafiə nazirliyi tərəfindən təqdim edilib.
“BMT-nin sülhməramlı əməliyyatlarında iştirak beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına mühüm töhfədir.
Bu kontekstdə erməni sülhməramlıları müxtəlif dövrlərdə Livanda BMT-nin Müvəqqəti Qüvvələri və Malidə Çoxmillətli Birgə Sabitlik Missiyasının tərkibində yerləşdirilib.
Ermənistan Respublikası Müdafiə Nazirliyi səlahiyyətləri çərçivəsində xarici ölkələr və beynəlxalq təşkilatlarla hərbi və hərbi-siyasi sahədə əməkdaşlığı təşkil edir.
Müdafiə Nazirliyinin tapşırığı və Xarici İşlər Nazirliyinin rəhbərliyinin təqdimatı əsasında, beynəlxalq hüquq normalarına uyğun olaraq, hərbi attaşe müşahidə funksiyalarını həyata keçirə bilər.
Bu layihənin qəbul edilməsi Müdafiə nazirliyinə BMT-də müdafiə məsələləri üzrə attaşe vasitəsilə daha effektiv işləmək imkanı yaradacaq, institusional əlaqələrin möhkəmlənməsinə və inkişafına, eləcə də hərbi və hərbi-siyasi əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcək” – deyərək layihədə qeyd olunub.
BMT-də müdafiə məsələləri üzrə attaşe beynəlxalq təşkilatla hərbi və hərbi-siyasi əməkdaşlığın koordinasiya və əlaqələndirilməsi işlərini həyata keçirəcək, ikitərəfli əməkdaşlıq səviyyəsini gücləndirəcək, eləcə də əməkdaşlığın perspektiv inkişafı ilə bağlı təkliflər təqdim edəcək.







