
Türkiyə cəmiyyətinin əhəmiyyətli bir hissəsinin demokratik və Avropayönlü istəklərinə baxmayaraq, Türkiyənin Aİ-yə üzvlük prosesi indiki şəraitdə bərpa oluna bilməz. Bu Avropa Parlamentinin mayın 7-də qəbul etdiyi hesabatda deyilir.
Avropa Parlamentinin 367 üzvü hesabatın lehinə, 74-ü əleyhinə, 188-i isə bitərəf qalıb.
“Avropa Parlamentinin üzvləri Türkiyədə demokratik standartların davam edən pisləşməsindən və tənqidi səslərin amansız repressiyasından dərin narahatdırlar.
Onlar son dinc kütləvi nümayişlərə qarşı sərt repressiyaları və yüzlərlə etirazçının tələsik kütləvi məhkəmələr vasitəsilə mühakimə olunmasını pisləyirlər”, – Avropa Parlamentinin bəyanatında deyilir.
Sənədə görə, Türkiyə hakimiyyəti öz hərəkətləri ilə “ölkəni tam avtoritar modelə doğru daha da irəli aparır”.
Hesabatda bildirilir ki, Aİ-yə üzvlük “demokratiya, qanunun aliliyi, insan haqları, azlıqlara hörmət və müdafiə, mehriban qonşuluq münasibətləri, beynəlxalq hüquqa hörmət və Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinə uyğunluq” kimi müəyyən üzvlük meyarlarının yerinə yetirilməsi ilə şərtlənir.
“Bunlar mütləq kriteriyalardır, tranzaksiya xarakterli strateji mülahizələrə və ya danışıqlara tabe olan məsələlər deyil”.
Avropa Parlamenti Türkiyə hakimiyyətini, Aİ qurumlarını və Aİ-yə üzv dövlətləri “iqlimlə mübarizə, enerji təhlükəsizliyi, terrorizmlə mübarizədə əməkdaşlıq və regional sabitliyə diqqət yetirməklə daha sıx, daha dinamik və strateji tərəfdaşlıq” istiqamətində işi davam etdirməyə çağırır.
1999-cu ilin dekabrında Avropa Şurası Türkiyəni Aİ üzvlüyünə namizəd ölkə kimi tanıdı. 2005-ci ilin oktyabrında ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlanılıb. 2018-ci ildə Aİ Şurası bu danışıqların dayandırıldığını elan etdi.







