
Ermənistan üçün 2024-cü il yüksək iqtisadi artımla başlayıb, il ərzində bir qədər yavaşlasa da, yüksək səviyyədə qalıb.
“Armenpress”in məlumatına görə, bunu Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan Parlamentin daimi komissiyalarının birgə iclasında “Ermənistan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” illik hesabatın ilkin müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, 2024-cü ildə iqtisadi artım 5,9% təşkil edib ki, bu da büdcə hədəfindən 1,1 faiz bəndi az, lakin 2025-ci ilin büdcə proqnozlarından 0,1 faiz bəndi çoxdur. Hovhannisyan izah edib ki, artım bir sıra amillərlə bağlıdır: adi metalların istehsalının kəskin artması, Dağlıq Qarabağdan məcburi köçkün edilmiş vətəndaşların istehlakı və iqtisadi fəallığı, daxili və xarici tələbatın genişlənməsi.
Nazir iqtisadi artımın adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) artımı ilə müşayiət olunduğunu da vurğulayıb. 2023-cü ildə 3 milyon 189 min dram (8 125 ABŞ dolları) təşkil edirdisə, 2024-cü ildə artıq 3 milyon 338 min drama (8 500 ABŞ dolları) çatıb.
“2024-cü ilin sentyabrında artıq görünürdü ki, il üçün iqtisadi artım təqribən 5,8 faiz olacaq. Əslində bizdə 5,9 faiz var idi”, – nazir yekunlaşdırıb.







