
Cənubi Qafqaz məsələləri üzrə iranlı ekspert və təhlilçi Ehsan Movahediyan hesab edir ki, İran tərəfindən qarşılıqlı zərbə alandan və itkilərdən sonra İsrail ABŞ-ı münaqişəyə cəlb etməyə çalışır.
Ekspert həmçinin tərəflər arasında münaqişənin tezliklə həllini real saymır. Tehran ATU (Allameh Tabataba) Universitetinin müəllimi, siyasi analitik Ehsan Movahediyan journalist ilə söhbətində artıq bir həftədən çoxdur davam edən İsrail və İran arasında hərbi əməliyyatlara toxunub.
Ekspert İranın mövcud vəziyyətini və Tel-Əviv ilə Tehran arasındakı davam edən hərbi münaqişəni şərh edərək bildirib ki, İran tərəfi ilkin mərhələdə İsrailin hücumundan təəccüblənib, lakin müəyyən müddətdən sonra qarşı zərbə vurmağı bacarıb.
“İran İsrail üzərində üstünlüyünü qorumağa çalışır. ABŞ-ın aldadıcı siyasəti və danışıqlar vədləri sayəsində İsrailin gözlənilməz hücumundan sonra İran tezliklə vəziyyətə nəzarəti ələ aldı və İsrailə raket zərbələri endirməyə başladı” – deyərək Movahediyan izah edib.
Onun sözlərinə görə, İranın İsrailə qarşı hücumları zamanı müxtəlif iranlı raketlərdən istifadə olunub və İsrailin hərbi və kəşfiyyat obyektləri hədəfə alınıb.
“İsraillə müqayisədə İran mülki şəxsləri öldürmür, lakin bu ölkə bəzi hərbi obyektlərini sıx məskunlaşmış yaşayış məntəqələrində qurub. İsrailin İranın cavabına reaksiyası göstərir ki, onlar ABŞ-ın köməyi olmadan İrana müqavimət göstərə bilmirlər.
Hayfa neft emalı zavoduna İranın uğurlu hücumundan sonra İsrail ABŞ-dan qırıcılara yanacaq tədarükü üçün yardım istəməli oldu.
İsrail İranın daxilindən pilotsuz uçuş aparatları ilə hücumlar, avtomobillərin partladılması, xəyanətkarlar və bəzi Əfqan mühacirlər vasitəsilə böyük şəhərlərdə təşviş yaratmağa çalışdı” – deyə müsahib qeyd edib.
İranlı təhlilçinin fikrincə, İran xalqı təhlükəyə qarşı birlikdə çalışaraq, təhlükəsizlik və kəşfiyyat qüvvələrinin təcrübə və biliklərindən istifadə edərək, sürətlə müqavimət göstərib.
“İran dünyada ilk dəfə yerli sistemlər vasitəsilə bir neçə ABŞ F-35 qırıcısını vurdu, onların pilotlarının etirafları isə tezliklə açıqlanacaq. Nəticədə məlum olacaq ki, həmin təyyarələr hansı marşrutlarla İrana daxil olub və harada yanacaq doldurublar.
İran hələ İsrailə qarşı qabaqcıl raketlərini istifadə etməyib, lakin bir neçə gün əvvəl İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi Tel-Əvivə düşən on iranlı raketi belə vurmaqda aciz qaldı” – deyə ekspert əlavə edib.
Movahediyan qeyd edib ki, İsrail iranlıların qabaqcıl texnologiyaları və xalqın birliyi ilə müqavimətinə qarşı heç nə edə bilməz və buna görə də bir neçə gün əvvəl İran Dövlət Televiziyasına bombardman, jurnalistlərin öldürülməsi kimi addımlar atıb.
Ehtimal olunur ki, İsrail yaxın günlərdə ABŞ-dan genişmiqyaslı yardım istəyəcək ki, özünü məhv olmaqdan qorusun.
Ekspertdən soruşulduqda ki, bu vəziyyətdə İran nə etməyi planlaşdırır və hansı addımlar atacaq, o vurğulayıb ki, İran bu müharibəni başlamayıb, amma İsrail bütün qırmızı xətləri pozduğundan Tehran qarşı zərbələri davam etdirəcək.
“İsrail bütün qırmızı xətləri pozduğundan İran özünə hüquq verir ki, bu rejimin bütün hərbi, kəşfiyyat və siyasi hədəflərinə hücum etsin və müstəqilliyini, ərazi təhlükəsizliyini hər vasitə ilə müdafiə etsin. İran bu müharibənin bütün şəhidlərinin qanı üçün İsraildən qisas alacaq” – deyərək Ehssan Movahediyan vurğulayıb.
Ekspert həmçinin Tehran və Tel-Əviv arasında hərbi əməliyyatların tezliklə dayandırılması və İranın nüvə proqramı ilə bağlı Vaşinqtonla danışıqların yenidən başlaması ehtimalına da toxunub:
“İran əvvəlcə İsrailə layiqli cəza verməlidir ki, bu ölkə belə cinayəti təkrar etməyi düşünməsin. Əks təqdirdə İsrail tərəfindən təkrar hücumlar ola bilər. İsrail İranın nüvə və raket obyektlərini məhv etməyə, İranı parçalamağa və İslam Respublikasını devirməyə çalışır.
Buna görə də İran onlarla elə davranacaq ki, onların buna cəsarəti və imkanı qalmasın”.
Ekspertin fikrincə, ABŞ yuxarıda qeyd edilən faktları qəbul edib İranın uran zənginləşdirmə hüququnu tanıyarsa, danışıqlar mümkündür, əks halda İran ABŞ tərəfindən aldanmayacaq.
Movahediyan Tehran və Tel-Əviv arasındakı gərginliyin nə qədər davam edə biləcəyi barədə danışarkən qeyd edib ki, bu münaqişə İsrail üçün həyat və ölüm mübarizəsidir, ona görə də hadisələrin tezliklə həll olunması ehtimalı azdır.
“Bu mübarizə İsrail üçün həyat və ölüm savaşıdır. Ona görə də uzun müddət davam edəcək. İsrail özünü xilas etmək üçün ABŞ-ı münaqişəyə cəlb etməyə çalışır və bu halda münaqişə çox uzun və genişmiqyaslı olacaq.
Hətta bu müharibə bir müddət dayansa da, fasilə uzun sürməyəcək və İsrail bu fürsətdən istifadə edib infrastrukturunu və silah gücünü bərpa edib yenidən İrana hücum edəcək” – deyə ekspert yekunlaşdırıb.







