Ermənistanın daimi əhalisi bu il 14,3 min nəfər artıb

2022-ci il siyahıyaalınması əsasında aparılan cari əhalinin siyahıyaalınmasına əsasən, Ermənistanın daimi əhalisi bu il oktyabrın 1-nə 3 milyon 90,5 min nəfərdir.
“Armenpress” xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Statistika Komitəsi məlumat yayıb. Respublikanın 49 şəhərinin hamısında 1 milyon 977,4 min nəfər, 954 kəndində isə 1 milyon 113,1 min nəfər əhali yaşayır. 2025-ci ilin ilkin məlumatlarına görə, Yerevanın əhalisi 1 milyon 144,7 min nəfərdir (2024-cü ildə bu, 1 milyon 136,3 min nəfər idi). Bölgələr arasında ən çox əhaliyə Kotayk (296,1 min), ən az əhaliyə Vayots Dzor (49,6 min) malikdir.
Yanvarın 1-dən oktyabrın 1-dək Ermənistanın daimi əhalisi 14,3 min nəfər artıb. Yanvar-sentyabr aylarında təbii artım 4 min 634 nəfər olub. Vətəndaşlıq Vəziyyəti Aktları Reyestrinin məlumatına görə, bu müddət ərzində Ermənistanda 23 min 698 uşaq doğulub, 19 min 64 nəfər ölüb. Ölü doğulanların sayı isə 286-dır.
Yeni doğulanların cins nisbəti 2024-cü ilin yanvar-sentyabr aylarında olduğu kimi, hər 100 qıza 110 oğlan olub. Bu ilin 9 ayında hamiləliklə bağlı ağırlaşmalardan, o cümlədən doğuş və doğuşdan sonrakı dövrlərdə (2024-cü ilin yanvar-sentyabr aylarında 6 ana ölümü faktı qeydə alınıb) ana ölümü faktı qeydə alınmayıb.
Müşahidə olunan dövrdə Ermənistanda 10 min 238 nikah və 3617 boşanma qeydə alınıb. Başqa sözlə, 1000 nikahla müqayisədə 353 boşanma halı qeydə alınıb (keçən il: 293).







