
Ermənistan cəmiyyəti Azərbaycanla sülhə hazırdır.
“Armenpress”in məlumatına görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Doha Forumu” çərçivəsində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə panel müzakirəsi zamanı deyib.
“Deyə bilərəm ki, Ermənistan cəmiyyəti hazırdır, onlar sülh istəyirlər, sülh prosesini, sülhün institutlaşdırılmasını dəstəkləyirlər. Biz bu istiqamətdə intensiv işləyirik”, – Qriqoryan bildirib.
“Ermənistan-Azərbaycan davamlı sülh. Vaşinqton sazişi və birgə gələcək” mövzusunda panel müzakirəsində Armen Qriqoryan bəyan edib ki, hökumətlərin qəbul etdiyi qərarlarla paralel olaraq cəmiyyətlər arasında etimad mühitinin yaradılması da vacibdir.
“Vətəndaş cəmiyyəti də bu prosesdə iştirak edir. Bu yaxınlarda Bakıdan olan vətəndaş cəmiyyətinin nümayəndələri Yerevanda oldular, eyni zamanda Yerevandan olan vətəndaş cəmiyyətinin nümayəndələri də Bakıda oldular. Ümid edirik ki, biz cəmiyyətlər səviyyəsində etimad yaradaraq bu aksiyaları davam etdirəcəyik”, – Təhlükəsizlik Şurasının katibi qeyd edib.







