
Beynəlxalq media yazır ki, İran-ABŞ-İsrail qarşıdurması hazırda tərəflərin nəzarətindən çıxmaq həddinə çatıb və münaqişənin eskalasiyası qlobal iqtisadi problemlər riskini artırır.
Global Times qəzeti bu barədə məqaləsində ən narahatedici siqnal kimi hədəflərin seçilməsində məhdudiyyətlərin aradan qalxmasını göstərir.
ABŞ və İsrailin İranın təhsil müəssisələrini hədəfə almasından sonra rəsmi Tehran bölgədəki ABŞ və İsrail universitetlərini legitim hədəf elan edib.
Bu kontekstdə Ermənistandakı Amerika Universiteti də təhlükəsizlik tədbirləri görərək distant təhsilə keçdiyini açıqlayıb.
Ermənistan Amerika Universiteti təhlükəsizlik səbəbilə onlayn təhsilə keçib, bunu Qərbi Asiya və Yaxın Şərqdəki Amerika universitetlərinin hədəfə alınması ilə bağlı İranın səsləndirdiyi təhdidləri nəzərə alaraq edib.
Bu barədə universitetin bəyanatında bildirilir və bir neçə fərqli formada vurğulanır ki, bu sadəcə ehtiyat tədbiridir:
“Qeyd etmək istəyirik ki, universitetimizə qarşı hər hansı birbaşa təhdid qeydə alınmayıb və universitetin təhlükədə olması ilə bağlı əsas yoxdur, buna görə də panikaya səbəb yoxdur”.
Universitet vəziyyəti izləyir və tədris qrafiki və ya formatında hər hansı dəyişiklik olarsa, bu barədə məlumat verəcək.
Daha əvvəl SEPAH bəyan etmişdi ki, Qərbi Asiyada ABŞ və İsrail universitetləri bundan sonra legitim hədəflər sayılacaq. Bu bəyanatın səbəbi kimi İran universitetlərinə, o cümlədən Tehran Elm və Sənaye Universitetinə endirilmiş zərbələr göstərilib.
SEPAH bunu ölkənin təhsil infrastrukturuna qarşı təkrarlanan hücumlar adlandıraraq bildirib:
“Ağ Evin uzaqgörməz rəhbərləri bilməlidir ki, bundan sonra ‘işğalçı rejim’in bütün universitetləri, eləcə də Qərbi Asiya bölgəsindəki Amerika universitetləri bizim üçün legitim hədəf sayılacaq”.
SEPAH həmçinin bölgədəki Amerika təhsil müəssisələrinin əməkdaşlarına, müəllimlərinə və tələbələrinə, eləcə də yaxın ərazilərdə yaşayanlara belə obyektlərdən ən azı bir kilometr uzaqda qalmağı tövsiyə edib.
Bəyanatda qeyd olunur ki, ABŞ-a universitetlərə endirilən zərbələri rəsmi şəkildə pisləmək təklif olunub. Əks halda səsləndirilən təhdidlər həyata keçirilə bilər.
İranın “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının sözçüsü Ebrahim Zülfağari deyib:
“Bizim iradəmiz qəbul olunmayana qədər heç bir vəziyyət əvvəlki halına qayıtmayacaq. Bu yalnız İran xalqına qarşı aqressiv hərəkətlər istəyi sizin çirkli düşüncələrinizdən tam silindikdə baş verəcək.
Bizim ilk və son sözümüz ilk gündən bu olub, var və olacaq”.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp İranın enerji infrastrukturuna zərbələrin dayandırılması barədə göstəriş verərək Hörmüz boğazının açılması üçün İrana aprelin 6-na qədər vaxt vermişdi.
Əks halda İranın bütün elektrik stansiyalarını məhv etməklə hədələmişdi. Öz növbəsində İran cavab olaraq Yaxın Şərqdəki ABŞ enerji obyektlərinə zərbələr endirməklə hədələmişdi.
Ağ Evin rəhbəri eyni zamanda danışıqlar barədə də danışmışdı:
“Biz çox-çox vacib danışıqlar apardıq. Görək, onlar hara çıxacaq. Razılaşma nöqtələrimiz var, demək olar ki, bütün məsələlərdə. Ola bilsin, bu çatdırılmayıb.
Bildiyiniz kimi, kommunikasiya parçalı olub. Onlar bir-biri ilə danışa bilmirlər, amma biz çox vacib danışıqlar aparmışıq.
Cənab Uitkoff və cənab Kuşner bu danışıqları aparıblar. Deyərdim ki, onlar mükəmməl keçib”.
İran isə ümumiyyətlə hər hansı danışıqların aparıldığını təkzib edib. Financial Times qəzetinə verdiyi müsahibədə Tramp bildirib ki, ABŞ İranın 13 000 hədəfinə zərbə endirib və hələ təxminən 3000 hədəf qalıb.
Beynəlxalq analitiklər mövcud vəziyyəti qeyri-müəyyənliklə dolu hesab edir və xəbərdarlıq edirlər ki, qarşılıqlı məhvetmə rejimi “normal” hal alarsa, bu daha ağır humanitar fəlakətlərə gətirib çıxaracaq. Global Times qəzeti yazır:
“Münaqişə artıq nəzarətin tam itirilməsi həddinə çatıb və hər bir səhv və eskalasiya geri dönməz nəticələrə səbəb ola bilər”.
Ekspertlərin fikrincə, bu, tərəflər sakitliyi və rasional düşüncəni qoruyub saxlamasa, qarşıdurma düşüncəsindən əl çəkməsə və sülh üçün yaranan qısa fürsəti qaçırsa baş verə bilər.
Bu arada İran ABŞ və İsrailin İran silahlı qüvvələrinin kasetli sursatlardan istifadə etməsi ilə bağlı iddialarını təkzib edib.
İran Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi də təsdiqləyib ki, İran vasitəçilər vasitəsilə ABŞ-dan danışıqlar aparmaq təklifi alıb.







