
Türk jurnalistlər Yerevanda keçirilən Avropa Siyasi Birliyinin sammitində və “Yerevan Dialoqu”nda iştirak etdikdən sonra Gümrüyə səfər ediblər.
Ermenihaber.am saytının yazdığına görə, onlar Gümrü-Kars dəmir yolu ərazisində olub, dəmir yolunun yenidən fəaliyyətə başlaması perspektivlərini araşdırıb və yerindəcə keçid məntəqəsinin açılmasının vacibliyi barədə danışıblar.

Ermənistan-Türkiyə sərhədində onlar Gümrünün “Asparez” Jurnalistlər Birliyinin sədri Levon Barseğyanla görüşüb və sərhədin açılmasının əhəmiyyətini müzakirə ediblər.
Barseğyan qeyd edib ki, Axurik stansiyası Soyuq müharibə dövrünün dəmir yolu şəbəkəsinin bir hissəsidir; bu stansiya Ermənistandan Türkiyəyə gedən sonuncu nöqtədir və oradan Avropaya gedən yolun sonuncu stansiyasıdır.
Barseğyanın fikrincə, bura Asiya ilə Avropa arasındakı Orta Dəhlizin bir hissəsi ola bilər.

O, həmçinin xatırladıb ki, bu marşrut sovet illərində fəaliyyət göstərib və 1992-93-cü illərdə bir il ərzində açıq qalıb. Onun sözlərinə görə, sərhədin yenidən açılması iki ölkə arasındakı ticarətə və münasibətlərin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Barseğyan əlavə edib ki, bu, təkcə Türkiyə və Ermənistana deyil, həm də qonşu ölkələrə fayda verəcək.







