
FİBA Avropa Prezidenti Xorxe Qarbaxosa və icraçı direktor Kamil Novak Ermənistanın U16 yığmasının U16 Avropa çempionatının C divizionunda çempion olması münasibətilə Ermənistan Basketbol Federasiyasına rəsmi təbrik məktubu ünvanlayıblar.
Alınan məlumata görə, bu barədə Ermənistan Basketbol Federasiyası məlumat yayıb.
Məktubda xüsusilə deyilir:
“Bu parlaq nəticə gənc idmançılarınızın və məşqçilər heyətinin gərgin əməyinin, fədakarlığının və istedadının əksidir. Çempionluq adını qazanmaq erməni basketbolu üçün əlamətdar nailiyyətdir və gələcək üçün ümidverici siqnaldır.
Xahiş edirik bizim səmimi təbriklərimizi oyunçulara, məşqçilərə və nümayəndə heyətinin bütün üzvlərinə çatdırın. Sizə qarşıdakı illərdə də davamlı uğurlar, yeni nailiyyətlər və sabit inkişaf arzulayırıq”.
Xatırladaq ki, U16 Avropa çempionatının C divizionu Yerevanda keçirilib. Ermənistan yığması turniri məğlubiyyətsiz başa vuraraq keçirdiyi bütün 6 oyunda qalib gəlib.
Finalda Ermənistan seçməsi Malta yığmasını 97:68 hesabı ilə üstələyərək Avropa C divizionunun çempionu titulunu qazanıb. Turnirin rəmzi beşliyinə Ermənistan yığmasının iki basketbolçusu – Entoni Sarkisyan və Etan Kazançyan daxil olub, Entoni Sarkisyan isə həmçinin turnirin ən dəyərli oyunçusu (MVP) seçilib.







