ABŞ Konqresinin Tom Lantos Komissiyası Bakıdan İbadoğlunun azad edilməsini tələb edib

ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyası Azərbaycanda həbs olunan müxalifət fəalı, ictimai xadim və iqtisadçı Qubad İbadoğlunun azadlığa buraxılmasına çağırıb.
Komissiya bəyanatı X səhifəsində yayıb, nəşr İbadoğlunun həbsinin 100-cü gününə və oktyabrın 30-da qeyd olunan Siyasi Məhbusların Beynəlxalq Müdafiəsi Gününə həsr olundu.
“Qubad İbadoğlunun həbsindən 100 gün keçir. Onun vəziyyəti ağırdır, lakin ona lazımi tibbi yardım göstərilmir. Hökumət onu dərhal və qeyd-şərtsiz azad etməlidir”, – məlumatda deyilir.
Qeyd edək ki, Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Ədliyyə Nazirliyinin tabeliyində olan qurumlar (Penitensiar Xidmət, Tibb Baş İdarəsi, Bakı İstintaq Təcridxanası) tərəfindən pozulan hüquqları ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya müraciət edib.
Müraciətdə Qubad İbadoğlunun təqsirləndirilən şəxs kimi pozulan hüquqlarının bərpası xahiş edilir.
“Vəkillərlə telefon əlaqəsinə qadağa qoyulub, ailəsi ilə canlı, üzbəüz görüşünə imkan verilmir, gündə 2 saatdan az olmayaraq gəzinti hüququ təmin olunmur, ailəsinin vəsaiti hesabına alternativ müayinə hüququnun həyata keçirilməsinə imkan verilmir, xaricdə yaşayan övladları ilə texniki vasitələrdən istifadə etməklə görüntülü danışıq imkanı yaradılmır, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşlarının qardaşımı ziyarət etməsinə, nümayəndəliyin həkiminin müayinə aparmasına qadağa qoyulub, qardaşımın qanunvericiliklə müəyyən edilmiş qaydada ailəsindən başqa istədiyi şəxslə görüşmək hüququ məhdudlaşdırılıb, kitab qəbuluna qadağa qoyulub, qeydlər aparmaq üçün yazı ləvazimatlarının qəbuluna icazə verilmir”, müraciətdə qeyd edilir.







