
Washington Post qəzetində çıxan bir redaksiya məqaləsində İlham Əliyev sərt diktator adlandırılaraq, BMT-nin COP29 illik iqlim konfransının Bakıda keçirilməsi tənqid olunub.
BMT illik iqlim konfransına ev sahibliyi edəcək ölkəni seçərkən infrastruktur, iqlim öhdəlikləri, siyasi sabitlik və maliyyə resursları kimi meyarlara diqqət yetirir.
Lakin bu prosesdə demokratiya, insan hüquqları və ya verilən imtiyazın təşkilata hansısa rejimi nüfuzdan sala biləcəyi kimi amillər nəzərə alınmır.
Nəticədə dünyanın ən repressiv liderlərindən bəziləri və fosil yanacaq hasilatında yüksək səviyyəyə malik ölkələr “yaşıl yanacaq” taktikalarından yararlanır.
Noyabrın 11-də BMT-nin İqlim dəyişiklikləri üzrə illik konfransı COP29 Azərbaycanda açılacaq. Bu konfrans, ardıcıllıqla üçüncü dəfədir ki, avtoritar ölkədə və ardıcıl olaraq ikinci dəfə neft ölkəsində keçirilir.
Əvvəlki iki konfrans Birləşmiş Ərəb Əmirlikləri və Misirdə baş tutub. Azərbaycan, Bakıda bu konfransa ev sahibliyi edərək öz nüfuzunu artırmaq istəyir və gözlənilir ki, tədbir iqlim dəyişikliyinə qarşı mübarizə üçün yeni maliyyə hədəflərinin müəyyən edilməsinə yönəldiləcək.
Lakin bu, Azərbaycanın sərt diktatoru İlham Əliyevin rəhbərlik etdiyi gerçəyini kölgədə qoymamalıdır.
Nəşr xatırladır ki, oktyabrın 3-də ABŞ-ın 60 qanunvericisi dövlət katibi Entoni Blinkenə məktub göndərərək, Bakını bütün siyasi məhbusları, girovları və əsirləri, o cümlədən etnik erməniləri dərhal və şərtsiz azad etməyə təzyiq göstərməyə çağırıb.
Azərbaycanın rəhbəri bu müraciəti “iyrənc” adlandırıb. Ancaq qanunvericilərin narahatlıqları çox realdır. Azərbaycanın insan hüquqlarını pozmasına dair geniş sübutlar mövcuddur.
“Ötən il Azərbaycan silahlı qüvvələri Dağlıq Qarabağı işğal etdi, etnik erməniləri oradan çıxararaq onun hüquqi, siyasi və vətəndaş institutlarını ləğv etdi.
Hazırda azı 23 erməni siyasi lideri Azərbaycanın həbsxanalarında saxlanılır, o cümlədən hücumdan əvvəl Qarabağda vəzifə tutan Rusiyalı erməni milyarder Ruben Vardanyan.
Ailəsi onun həbsxanada pis şəraitə etiraz olaraq aclıq aksiyasına başladığını bildirir”.
Human Rights Watch və Freedom Now-un son birgə hesabatında Azərbaycanda siyasi səbəblərlə və yalan ittihamlarla onlarla şəxsin həbsə alınmasını əhatə edən təzyiq dalğasından bəhs olunur.
Blinkenə göndərilən məktuba görə, 2021-ci ilin dekabrında Azərbaycanda 122 nəfər siyasi məhbus olduğu halda, bu il iyunun məlumatına görə bu rəqəm 303-ə çatıb.
Məqalədə tanınmış azərbaycanlı iqtisadçı Qubad İbadoğlunun həbs olunmasına, həmçinin hüquq müdafiəçisi Ənər Məmmədlinin və Azərbaycanın müxalif Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı işlərin qaldırılmasına toxunulur.
İlham Əliyev müstəqil media orqanlarına da təzyiq göstərməyə çalışır; hökumət Abzas Media, Toplum TV və digər media orqanlarının 18 nümayəndəsini həbs edib.
“Bəli, bu iqlim konfransıdır və qlobal istiləşmə bütün ölkələrə təsir edən və ümumi səylər tələb edən problemdir, siyasətdən asılı olmayaraq.
Amma bu faktlar hər il şübhəli rejimlərə nüfuz və legitimlik bəxş etməyi tələb etmir.
Daha yaxşı yanaşma, güclü ekoloji təcrübəsi və demokratik öhdəlikləri olan, məsələn Kosta Rika kimi bir ölkəni daimi ev sahibi seçmək və bu dövrəyə son vermək ola bilər” -deyə nəşrdə vurğulanır.
Mətn factor.am-ə məxsusdur.







