Gürcüstan AB genişlənmə forumuna dəvət olunmayıb

Avropa Komissiyasının sözçüsü Qiyom Mersye brifinqdə bildirib ki, Tbilisinin zəruri islahatlardan və demokratiyadan geri çəkildiyi müşahidə olunduğu üçün Avropa Komissiyası Gürcüstanı ilk AB genişlənmə forumuna dəvət etməyib.
“Ötən həftə Gürcüstandan bəhs edən genişlənmə hesabatımızı təqdim etdik. Hesabatda Gürcüstanın Avropa yolundan uzaqlaşdığı açıq şəkildə bildirilirdi. Hesabatda islahatların geriləməsi qeyd olunur və bu, namizəd ölkə üçün görünməmiş bir vəziyyətdir. Son aylarda vəziyyət daha da pisləşib və biz görürük ki, Gürcüstanda demokratiya pis vəziyyətdədir”, – deyə o bildirib.
O xatırladıb ki, Avropa Şurası öz qərarlarında Gürcüstanın AB üzvlük prosesinin faktiki olaraq dayandırılmasını göstərib. Avropa Komissiyası hazırda Gürcüstan hakimiyyəti ilə daha az əlaqə saxlayır.
Lakin Mersyenin sözlərinə görə, Avropa Komissiyası mövcud çıxılmaz vəziyyətdən çıxmaq üçün genişlənmə və əlaqəli islahatlar haqqında hesabat hazırlayır.
Avropa Komissiyasının ilk Genişlənmə Forumu 18 noyabr 2025-ci ildə Brüsseldə keçiriləcək. Genişlənmə üzrə komissarı Marta Kosun sədrliyi ilə keçirilən tədbirdə Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen, eləcə də müdafiə və kosmos üzrə Avropa komissarı Andrius Kubilius iştirak edəcək.







