
Yaxın Şərqdə baş verən hadisələr səbəbindən dünyanın bir çox ölkəsində enerji daşıyıcıları bahalaşır.
Ermənistandakı müxtəlif ekspertlər vurğulayırlar ki, uzunmüddətli perspektivdə münaqişənin ölkə iqtisadiyyatına təsiri qaçılmaz olacaq.
Beynəlxalq birjalarda enerji qiymətləri çox sürətlə dəyişir. Bəs bu dəyişikliklər Ermənistanın yanacaq bazarına necə təsir göstərəcək?
Ermənistanın benzin bazarında qiymət dalğalanmaları müşahidə olunur. Bəzi yanacaqdoldurma məntəqələrində son bir neçə gündə yanacağın qiyməti artmaqdadır.
Bunun səbəbi nədir və qiymət tərəddüdlərinin Yaxın Şərqdəki hadisələrlə əlaqəsi varmı? İqtisadçı Ağasi Tavadyan “Radiolur”a müsahibəsində qeyd edir ki, hələlik ciddi təhlükə yoxdur, lakin yaxın gələcəkdə regional hadisələrin Ermənistan iqtisadiyyatına təsiri hiss olunacaq:
“Bu hələ başlanğıcdır. Hazırda vəziyyətin sabit olması yalnız onunla bağlıdır ki, biz yanacağı hələlik qlobal dəyişikliklərin təsirini hiss etməyən yerlərdən alırıq”.
Ekspertlərin fikrincə, Ermənistan neft məhsullarını əsasən Rusiya Federasiyasından idxal etdiyi üçün bu dəqiqə risklər nəzərə çarpmır, lakin uzunmüddətli perspektivdə əhəmiyyətli təsir görünəcək. Hazırda enerji məsələsi AB-dən BƏƏ-yə və Asiya ölkələrinə qədər dünyanın demək olar ki, hər yerində kəskindir. Hörmüz boğazı ətrafında baş verənlər artıq AB ölkələrinin yanacaq bazarına təsir edir.
Məsələn, Almaniyada yanacaq qiymətləri sürətlə artır.
“Euronews”un məlumatına görə, İrana qarşı müharibə başlayandan bəri bu ölkənin yanacaqdoldurma məntəqələrində qiymətlər bir litr üçün 30 sent artaraq demək olar ki, 2,5 avroya çatıb.
Bu, ölkədə narazılığa səbəb olur, çünki benzin və dizel yanacağı digər Avropa ölkələri ilə müqayisədə xeyli ucuz idi.
İqtisadçı Aqasi Tavadyan Ermənistanda da benzinin bahalaşacağını proqnozlaşdırır:
“Hazırda ‘Urals’ markalı neft məhsulları da xeyli bahalaşıb — 80–85 dollar civarındadır. Bu o deməkdir ki, Rusiyadan gələn benzin də gec-tez bahalaşacaq.
Adətən dünya bazarlarında neft məhsulları bahalaşanda, benzin qiyməti 2 və ya 3 ay sonra artır. Yəni yaxın 2 ay ərzində benzin kifayət qədər bahalaşacaq”.
İqtisadçı Meri Boyacyan hesab edir ki, Yaxın Şərqdəki münaqişə və qlobal enerji böhranı Ermənistana idxal olunan bəzi malların həcminə təsir edəcək:
“Xüsusilə maye qaz, dizel yanacağı və tikinti materiallarının qiymətlərinə təsir olacaq. Bu, bir sıra digər məişət mallarına da mənfi təsir göstərəcək.
Üstəlik, İrandan tikinti materialları tədarükünün azalması Ermənistanda bu məhsulların qiymətinə təsir edə bilər”.
İqtisadçı Edqar Ağabekyan qeyd edir ki, iqtisadi proqnozlar verərkən bütün mənfi və müsbət amillər nəzərə alınmalıdır
“Burada baxmaq lazımdır ki, Yaxın Şərqdə problemlərlə üzləşən enerji resurslarını və ya tədarük zəncirlərini bizim regionumuzdan keçirib bundan fayda görə bilərikmi, yoxsa yox”.
Bir çox ölkədə hökumətlər yanacaq çatışmazlığını aradan qaldırmaq üçün proqramlar hazırlayır.
Məsələn, Avstraliyanın Energetika naziri Kris Bouen genişmiqyaslı tədbirlər planı hazırladıqlarını bildirib. Bunlardan biri benzinin kvotalaşdırılmasıdır:
“Biz 50 litr yanacaq limiti müəyyən etmişik. Əgər kiminsə daha çox almaq üçün əsaslı səbəbi varsa, danışıqlar apara bilərik, lakin hələlik həm yerli əhalini, həm də əcnəbiləri təmin etmək üçün 50 litrlik limit qoymuşuq”.
Ermənistanda belə bir (kvota) vəziyyəti proqnozlaşdırılmır. Lakin ekspertlər yanacaq qiymətlərinin dəyişməsinin qaçılmaz olduğuna demək olar ki, əmindirlər.







