
Ermənistan Respublikası ona məcburi şəkildə diktə edilmiş sağ qalma və mübarizə gündəliyini geridə qoyaraq adi həyatla yaşamağın tarixi mərhələsinə daxil olub.
Bu barədə ER Baş naziri Nikol Paşinyan Parlamentdə bəyan edib.
Baş nazir qeyd edib ki, ölkənin prioriteti artıq dövlətin inkişafı, təhsil, əmək və rifahın yüksəldilməsi olub. O vurğulayıb ki, Ermənistanın tarixi missiyası dövləti inkişaf etdirmək və onu gələcək nəsillərə ötürməkdir։
“Bizim tarixi missiyamız təhsil almaq, işləmək, 29,743 kv.km beynəlxalq səviyyədə tanınmış əraziyə malik Ermənistan Respublikasını inkişaf etdirmək və onu müstəqil, sülhsevər, təhlükəsiz, inkişaf etmiş, rifahlı dövlət kimi nəsildən-nəslə, əsrdən-əsrə gələcək nəsillərə miras qoymaqdır. Yaşamaq, təhsil almaq, işləmək, rifahı inkişaf etdirmək, sülhü inkişaf etdirmək, dövləti inkişaf etdirmək və onu nəsillərə ötürmək – bizim daxil olduğumuz bu möhtəşəm tarixi missiya bax budur və biz bunu dövlətin davamlılığı gündəliyi adlandırırıq” – deyə Baş nazir vurğulayıb։
Paşinyan qeyd edib ki, bu mərhələyə çatmaq xalqın dəstəyi və 2021-ci il seçkiləri ilə formalaşmış legitim mandat sayəsində mümkün olub։
“Hökumət və parlament çoxluğu xalqın mandatı və dəstəyi olmadan heç nə edə bilməzdi,” – deyə o bildirib։
Baş nazir xatırladıb ki, hələ 2021-ci ildə hökumət proqramında sülh gündəliyi ali məqsəd kimi aydın şəkildə müəyyən edilmişdi։
Onun sözlərinə görə, bu məqsəd artıq həyata keçirilib, lakin ağır bədəllə։
“Sual olunur: hansı qiymətə? Bu, mümkün olan qiymətə həyata keçirildi. Bəli, çoxsaylı qurbanlar və itkilər hesabına, çoxsaylı məhrumiyyətlər və əzablar hesabına, cəhənnəmdən keçmək bahasına” – deyə Paşinyan bildirib։
Baş nazir qeyd edib ki, bu gün Ermənistan yeni tarixi mərhələnin astanasındadır – dövlət, sülh, inkişaf və perspektivlərlə։
O, həmçinin keçmişlə bağlı siyasi qiymətləndirmələrə toxunaraq bildirib ki, əvvəllər ictimai təsəvvürlər çox vaxt reallığa uyğun olmayıb։
“Qarabağ bizim idi və artıq bizim deyil’ ifadəsi bizim geopolitik tələdə olma fəlsəfəmizi və konsepsiyamızı əks etdirir. Reallıq isə budur ki, Ermənistan Respublikası bizim deyildi və indi bizimdir.
Reallıq budur ki, bizə məlum olan bütün ərazilər erməni nəzarəti altında bizim dövlətçiliyimiz, suverenliyimiz, müstəqilliyimiz, rifahımız, təhlükəsizliyimiz və gələcəyimiz hesabına olub və biz bunu anlamamışıq.
Ola bilsin ki, anlayanlar olub, amma susublar – qorxduqları üçün. Elələri də olub ki, həm anlayıb, həm də səsləndirib, amma biz ya onları eşitməmişik, ya eşitməzliyə vurmuşuq, ya da susdurmuşuq – düşünərək ki, onlar nə danışdıqlarını anlamırlar.
Halbuki biz – o “biz”, o cümlədən mən – 1988-ci ildən bəri nə etdiyimizi anlamamışıq. Və tarixdən aldığımız dərslərə baxmayaraq, özümüzə qarşı hər şeyi etmişik.
Lakin bu gün deyə bilərik ki, biz – Hökumət və hakim çoxluq – tariximizin dağıdıcı gedişini dəyişmiş və Ermənistan Respublikasını yaradıcı və sülh dolu bir tarixi istiqamətə yönəltmişik. Bu gün xalqımız öz tarixinin tamamilə yeni, dövlət mərkəzli bir səhifəsini yazır – burada dövlət həm məqsəd, həm də vasitədir” – deyə Paşinyan yekunlaşdırıb։







