
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi Avropa İttifaqı üçün son dərəcə vacibdir. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaia Kallas Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
“Cənubi Qafqazı müzakirə edəcəyik. Bizim üçün, Ermənistan və Azərbaycan üçün münasibətlərin normallaşması son dərəcə vacibdir. Ermənistan üçün yeni missiya məsələsini müzakirə edəcəyik”, – Kallas deyib.
O, gələcəkdə Azərbaycanla necə işləyə biləcəklərini, eləcə də Gürcüstan məsələsini müzakirə edəcəklərini qeyd edərək, gürcü xalqını dəstəklədiklərini, lakin hökumətin səhv istiqamətdə irəlilədiyini vurğulayıb. Brüsseldəki Aİ səfirləri Ermənistana yeni mülki missiya göndərmək qərarını qəbul edərək, yekun təsdiq üçün yol açıblar.
Missiya nazirliklərə və təhlükəsizlik qurumlarına strateji, praktik məsləhət və dəstək verməklə Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməlidir.







