
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin AB və Avrasiya İqtisadi Birliyinə üzvlüklə bağlı müzakirələrdə iştirak etməyəcəyini və mümkün qədər uzun müddət AİB-nin üzvü olaraq qalacağını açıqlayıb.
O, ölkəsinin parlament tərəfindən qəbul edilmiş qanunun ruhuna uyğun olaraq Avropa yolunu davam etdirəcəyini vurğulayıb. “Mən artıq demişəm ki, bu məsələ ilə bağlı heç bir müzakirədə və ya mübahisədə iştirak etməyəcəyik. Biz AİB-nin tamhüquqlu üzvləriyik və AİB-nin üzvü olduğumuz müddətcə bütün qərarların qəbul edilməsində tam iştirak edəcəyik”, – deyə Paşinyan bildirib.
9 mayda Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avropa Birliyinə qoşulmaq planlarının “xüsusi müzakirə” tələb etdiyini, çünki Yerevanın Avrasiya İqtisadi Birliyi çərçivəsində “əhəmiyyətli üstünlüklər” əldə etdiyini bildirib.
Onun fikrincə, Ermənistan mümkün qədər tez AB-yə, yoxsa AİB-yə qoşulacağını dəqiqləşdirməlidir.
“Buna görə də, biz müvafiq nəticələr çıxaracaq və yumşaq, sözdə ağıllı boşanma və qarşılıqlı faydalı ayrılma yolu ilə gedəcəyik”, – deyə o bildirib.
Baş nazir Nikol Paşinyan bu gün Rusiya Prezidentinin boşanma ilə bağlı ifadəsi ilə razı olmadığını qeyd edib.
“Təkrar edirəm: ehtiyac yaranana qədər biz heç bir məsələ qaldırmayacağıq və ya (AİB-dən çıxmaq və Aİ-yə qoşulmaqla bağlı) referendum keçirməyəcəyik. Obyektiv ehtiyac yarandıqda bunu edəcəyik. Mənim qiymətləndirməm budur ki, sadəcə olaraq obyektiv ehtiyac yoxdur. Biz AİB-dəki tərəfdaşlarımıza və AİB-dəki üzvlüyümüzə böyük hörmətlə yanaşırıq”, – deyə Baş nazir Paşinyan bildirib.







