Siyasət

Ermənilərlə dostluğa çağırdığı üçün işdən qovulmuş müəllimin işi ilə bağlı məhkəmə davam edilir

Martın 14-də Nizami Rayon Məhkəməsində 220 saylı məktəb-litseyin müəllimi Rövşən Əzizovun iddiası üzrə məhkəmə prosesi davam edib. O, məktəb rəhbərliyini onu qanunsuz işdən çıxarmaqda ittiham edib.

Bu gün R.Əzizov Rusiya mətbuatında dərc edilən videoyazını məhkəməyə təqdim edib. Videoda göstərilir ki, dekabrın 20-də Qarabağ Azadlıq Təşkilatının (QAT) fəalları məktəbə gələrək R.Əzizovun işdən çıxarılmasını tələb edirlər. R.Əzizov şagirdlər arasında azərbaycanlıların və ermənilərin barışması ideyasını təbliğ etdiyinə görə QAT müəllimin işdən çıxarılmasına israr edib.

“Hakim videonu baxılmaq üçün qəbul etdi və yeni iclası sabaha, cümə axşamına təyin etdi”, – R.Əzizov Turan agentliyinə bildirib.

Ona hücumlar ötən il dekabrın 20-dən bir həftə əvvəl başlayıb.QAT sosial şəbəkələrdə R.Əzizova qarşı təhdid kampaniyasına başlayıb və onun erməni əsilli olduğunu bildirib. Dekabrın 20-də fəallar direktorun kabinetinə gələrək ona təzyiq göstəriblər, “məktəbdə erməni müəllim tərəfindən erməni təbliğatına son qoyulmasını” tələb ediblər. Direktor tabe olmağa məcbur olub. Dekabrın 26-da o, müəllimə işdən çıxarıldığını bildirib”, – R.Əzizov açıqlama verib.

“Qarşı tərəfin mövqeyi belədir ki, R.Əzizov dərs prosesini və əmək intizamını pozub. Ancaq rəhbərlik tərəfindən xəbərdarlıq və töhmət almayıb”, – müəllimin ictimai müdafiəçisi, hüquq müdafiəçisi Dilarə Əfəndiyeva bildirib. R.Əzizov deyib ki, məktəb rəhbərliyi onun pozuntuya yol verməsi barədə sübutları məhkəməyə təqdim etməyib.

Bakı Şəhər Təhsil İdarəsindən mətbuata bildiriblər ki, məktəb rəhbərliyi R.Əzizovun fəaliyyətinin və davranışının daxili araşdırmasını aparıb. Müəllimin metodiki-pedaqoji səviyyəsi və davranışı ətraflı öyrənilib. Məktəb rəhbərliyi R.Əzizovun dərs dediyi siniflərdə tədrisin səviyyəsini izləyib və müəllim haqda müvafiq rəy verib. Rəhbərlik bildirib ki, müəllim tədris proqramına əməl etməyib, dərs resurslarından düzgün istifadə etməyib, onun şagirdləri heç bir standartı mənimsəməyiblər. Ancaq Azərbaycan televiziyasının verilişlərində gənc müəllim R.Əzizovun qabaqcıq metodu təşviq edilib. Şagirdlər onun barəsində razılıqla danışıblar.

35 yaşlı müəllimin vəkili yoxdur. Aylıq müəllim maaşı 250 manatdır. İşdən çıxarıldıqdan sonra üç aydır ki, işləmir. “Ailəmi saxlamağa imkanım yoxdur. Evdə beş yaşlı oğlum böyüyür”,- müəllim Turan-a bildirib.

Daha çox göstər
Back to top button