İctimaiyyət

Osman Gündüz: “ASAN xidmət qüsurlu şəxsiyyət vəsiqələri verərək İlham Əliyevi aldadır”

2018-ci il sentyabrın 1-dən Azərbaycanın Asan xidmət mərkəzlərində 16 yaşına çatmış, əvvəlki şəxsiyyət vəsiqəsini itirmiş və ya sənədinin yararlılıq müddəti bitmiş vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri verilir. İlk yeni şəxsiyyət vəsiqəsi prezident İlham Əliyevə verilib. Asan xidmətin rəsmi saytında verilən yeni vəsiqələrin sayı barədə məlumat yoxdur. Xidmətin özündə isə Turan-ın sualına cavab verməyərək bildiriblər ki, jurnalistlərə cavab vermək üçün məsul məmur yoxdur.

Ekspert Osman Gündüz hesab edir ki, verilən yeni şəxsiyyət vəsiqələri hökumətin bəyan etdiyi kimi, öz təyinatına uyğun deyil. O, Asan xidməti və “bəzi başqa qurumlar”ı prezidenti aldatmaqda ittiham edib.

“Ötən il şəxsiyyət vəsiqələrində elektron imzanın tətbiqinıə dövlət xəzinəsindən 200 min manata yaxın vəsait ayrılıb. Yeni vəsiqələr üçün 600 min sertifikat hazırlanıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə tam hazır olduğunu bildirib. Niyə həmin sənədlərdə elektron imza işləmir?”, – O.Gündüz sual edir.

Onun məlumatına görə, İqtisadiyyat Nazirliyində problemlə əlaqəsi olan idarələrin iştirakı ilə yeni sənədlərin verilməsinə dair 40-a yaxın müşavirə keçirilib. Lakin vəd edilən vəsiqələr yoxdur, verilən vəsiqələr köhnə nümunəli sənədlərin funksiyasını yerinə yetirir. Yeganə funksiyaya görə sənədi yeni hesab etmək olar ki, o da elektron imzanın fəaliyyət göstərməməsidir.

“Bilmək istərdik: heç olmasa prezidentə verilən şəxsiyyət vəsiqəsində bu funksiya aktiv idi?”, – ekspert sual edir.

O güman edir ki, ASAN xidmət yeni sənədlərdə bu funksiyanın aktivləşməsində maraqlı deyil, çünki o zaman vətəndaşların ASAN xidmətdə elektron imza alması lazım gəlmir və ASAN xidmət bundan hər ay yarım milyon manat ititir. Bu il Asan imzadan istifadə üçün abunə haqqı əsassız olaraq ayda 2,5 manatadək artırılıb. Hər vergiödəyicisi ildə sosial sığorta ödənişi haqda hesabatın hazırlanması zamanı 4 dəfə e-imzadan istifadə etməyə məcburdur.

Aİ-də ilk dəfə 2010-cu ildə Almaniya hakimiyyəti vətəndaşlara elektron şəxsiyyət vəsiqələri verib.

Xatırladaq ki, ASAN xidmətdə Turan-ın telefon sorğusuna cavab verməyiblər.

Daha çox göstər
Back to top button