İctimaiyyət

Goranboy rayonunda polislə vətəndaşlar arasında insident baş verib

Goranboy rayonunda vətəndaşlarla polis əməkdaşı arasında insident yaşanıb. Rəsmi məlumata görə, insident nəticəsində polis əməkdaşı xəsarət, vətəndaş isə güllə yarası alıb.

Baş Prokuroluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir ki, iyulun 12-də Goranboy rayonunun Goran qəsəbəsi ərazisində (Bakıdan 330 kilometr qərb) xidmət aparan rayon polis şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb səbəbini müəyyənləşdirmək məqsədi ilə onlara yaxınlaşıb.

“Bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranıb və onlardan biri, Qarapirimli kənd sakini Lətif Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxışb. Bu zaman Kərimov havaya xəbərdarlıq atəşi açarkən güllə Lətif Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəyib. Bundan sonra Təbrizin qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alaraq küpü ilə onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirib,” məlumatda deyilir.

Polis əməkdaşı Vüsal Kərimov və vətəndaş Təbriz Əmrahov Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb.

Bununla yanaşı, insidentdə iştirak edənlər və onların vəkilləri hələ rəsmi məlumata münasibət bildirməyib. Sosial şəbəkələrdə insidentlə bağlı müxtəlif səpkili məlumatlar yayılmaqdadır. Bəzi statuslarda insident nəticəsində 1 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilir.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button