“Hakimiyyət nümayəndələri bilə-bilə ki, ölkədə siyasi məhbuslar var, bunu inkar edirlər”
Son günlərdə Azərbaycanda siyasi məhbuslarla bağlı bir neçə yenilənmiş siyahı açıqlanıb. «Azərbaycan Siyasi Məhbuslara Azadlıq» İttifaqı ölkədə 117, Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi qrup isə 119 siyasi məhbusun olduğunu bəyan edib.
Yeri gəlmişkən, ölkədə fəaliyyət göstərən hüquq-müdafiə təşkilatlarının siyasi məhbus sayılan şəxslərlə bağlı vahid siyahısı yoxdur. Bəzi hüquq müdafiəçiləri isə bir qədər də irəli gedərək qeyd edilən həmin siyahılarda yer alan rəqəmlərin şişirdildiyini söyləyirlər.
«Azərbaycan Siyasi Məhbuslara Azadlıq» İttifaqının üzvü Eldəniz Quliyev isə deyir ki, hakimiyyət təmsilçiləri ölkədə siyasi məhbus problemi olmasını qəbul etməsələr də, bu, danılmaz faktdır: «Hakimiyyət nümayəndələri, millət vəkilləri bilə-bilə ki, ölkədə siyasi məhbuslar var, bunu inkar edirlər. Tərtib etdiyimiz siyahı isə şişirdilməyib, əksinə, əgər biz daha intensiv fəaliyyət göstərə bilsəydik, bu siyahı artacaqdı. Bu faktdır».
E.Quliyev hesab edir ki, mart ayında imzalanmış əfv sərəncamı siyasi məhbus problemini həll etməyib: «Təəssüf ki, bu ölkədə pis ənənəyə çevrilib. Bir neçə siyasi məhbus buraxılırsa, onların yeri doldurulmalıdır. Hakimiyyət «müqəddəs yer boş olmur» prinsipi ilə işləyir və repressiya dalğası yeni adamları aparır. Əfvdən sonra ümid yeri yarandı, lakin «Gəncə işi» ilə bağlı məhkəmə qərarları bu ümidi puç etdi».
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbus sayılan şəxslərlə bağlı məruzəçisi Thorhild Sunna Evarsdottirin sentyabrın 5-də Azərbaycana gəlişi gözlənir.
Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin verdiyi məlumata görə, T.S.Evarsdottir səfər çərçivəsində Milli Məclis, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Prezident Administrasiyasında görüşlər keçirəcək.
Onun həmçinin, vətəndaş cəmiyyətin nümayəndələri ilə görüşlərinin də nəzərdə tutulduğu bildirilir.