
Rusiya Bakı ilə Yerevan arasında sülh sazişinin imzalanmasını dəstəkləyir, tərəflər arasında etimad və qarşılıqlı anlaşma mühitinin yaradılmasına qərarlıdır. “Armenpress” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Denis Qonçar “RİA “Novosti”yə müsahibəsində bildirib.
“Biz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılmasına kömək edirik. Rusiya tərəfi ümumi dil tapmaq, etimad və qarşılıqlı anlaşma mühiti yaratmaq üçün Bakıya və Yerevana bundan sonra da hər cür kömək etməyə qərarlıdır. Eyni zamanda, biz üçüncü ölkələrin bizim üçtərəfli səylərimizi tamamlaya biləcək, geosiyasi oyunlar məntiqinə əsaslanmayan təşəbbüslərini alqışlayırıq”- deyə o qeyd edib.
Qonçar vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli bəyanatların icrası çərçivəsində bir sıra problemlər, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması həll edilir.







