
Yerevanda ATƏT Parlament Assambleyasının payız sessiyası keçiriləcək. Bu barədə qərar Assambleyanın Daimi Komitəsi tərəfindən iyunun 30-da Kanadanın Vankuver şəhərində ATƏT PA-nın illik (yay) sessiyası zamanı qəbul edilib.
Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Sarqis Xandanyan konfrans nümayəndələrini Ermənistana dəvət edərkən qeyd edib: “Təhlükəsizlik problemləri ATƏT regionunu sarsıtmaqda davam edir və bu şəraitdə parlamentlərarası əməkdaşlıq və dialoq daha da əhəmiyyət kəsb edir.
Assambleyanın payız sessiyasını Yerevanda keçirməklə Assambleya üzvləri Cənubi Qafqazın təhlükəsizlik çağırışları və onların nəticələri barədə müzakirələr aparmaq və fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər”.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının parlament platforması 57 üzv dövlətdən 320-dən çox deputatı birləşdirir. Təşkilatın əsas məqsədi parlamentlərarası dialoqu asanlaşdırmaq, ATƏT-in hərtərəfli təhlükəsizlik məqsədlərinə nail olmaqdır.







