
Ermənistanın Çabahar limanında nümayəndəlik açması planlaşdırılır. Ermənistan “Sülh kəsişməsi” layihəsi çərçivəsində Hind okeanını Qara dənizlə sürətli və etibarlı şəkildə əlaqələndirməyi hədəfləyir. Bu barədə Avrasiya İqtisadi Birliyinin üçüncü Forumunun panel müzakirəsi zamanı Ermənistanın İqtisadiyyat naziri Gevork Papoyan bəyan edib.
“Bu strategiyanın vacib elementlərindən biri İranın Çabahar limanında Ermənistan nümayəndəliyinin açılması olacaq, bu da təkcə İranla deyil, həm də Hindistanla ticarət əlaqələrimizi möhkəmləndirəcək.
Ermənistan ərazisindən keçən marşrut yalnız Ermənistan üçün deyil, eyni zamanda təchizat axınlarını şaxələndirməyə çalışan Hindistan üçün də həyati əhəmiyyət daşıyacaq” – deyə Papoyan bildirib.
Nazirin sözlərinə görə, Hindistanın Mumbay limanından yüklər Çabahar limanına, oradan isə Ermənistan vasitəsilə Gürcüstan limanlarına, sonra isə Yunanıstan, Bolqarıstan, Rumıniya və digər AB ölkələrinə daşınacaqdır.
“Bu cür marşrut logistika xərclərini 25 faiz azaltmağa, eləcə də çatdırılma müddətlərini 40 gündən təxminən 25 günə qədər qısaltmağa imkan verəcək” – deyə Papoyan sözlərini yekunlaşdırıb.







