
“Güc faktoru” proqramında çıxış edən politoloq Aleksandr İskandaryan hesab edir ki, İlham Əliyevin “Zəngəzur dəhlizi” ilə bağlı dedikləri prinsipcə yeni bir fikir deyil.
O, xatırladıb ki, siyasətçilər sözlərdən siyasi məqsədlərinə çatmaq üçün istifadə edirlər və Əliyevin bəyanatlarını da bu kontekstdə dəyərləndirmək lazımdır.
“Azərbaycanın mövqeyi 2020-ci il müharibəsindən əvvəl də kifayət qədər sabit idi, tamamilə aydın və Ermənistanın mövqeyindən daha ardıcıl idi.
Bakı Dağlıq Qarabağı ələ keçirmək istəyirdi və orada yaşayan insanları nəzərə almırdı. Bu gün Azərbaycan Dağlıq Qarabağı tam nəzarətə götürüb və orada artıq ermənilər yoxdur.
Elə bil ki, Bakı məqsədlərinə nail olub və münasibətləri normallaşdırmaq mümkündür, lakin nə Azərbaycan, nə də Türkiyə bu istiqamətdə addım atır” – deyə İskandaryan əlavə edib.
O, vurğulayıb ki, bu, Ermənistan üzərində təzyiqlərin davam etməsi deməkdir.
İskandaryanın fikrincə, Azərbaycanın məqsədi konkret bir dəhliz və ya müəyyən kvadrat kilometr torpaq deyil, Ermənistan üzərində maksimum təzyiqi qoruyub saxlamaqdır.
Bu isə beynəlxalq vəziyyət və qüvvələr nisbəti imkan verdiyi müddətcə davam edəcək. Çünki hazırda bütün beynəlxalq oyunçular digər məsələlərlə məşğuldur.
“Bu təzyiq müxtəlif formalarda həyata keçirilir – bəzən atəş açmaqla, bəzən diplomatik yolla, bəzən isə ritorik təzyiqlə.
Bəzən isə bu ritorika Əliyev üçün daxili siyasi məqsədlər daşıyır – Azərbaycan cəmiyyətini ermənilərə qarşı düşmən obrazı ətrafında birləşdirmək üçündür.
Kim ciddi şəkildə düşünə bilər ki, Əliyev Ermənistanın Müstəqillik Bəyannaməsində nə yazıldığı ilə maraqlanır? Doğrudanmı, Ermənistanın aldığı silahları geri qaytarması məsələsi ciddiyə alına bilər?
Əliyev sadəcə olaraq daxili auditoriya üçün rezonans doğuracaq rəqəmlər açıqlayır. Xeyr, bu yalnız təzyiq vasitəsidir” – deyə ekspert bildirib.
İskandaryan izah edib ki, Azərbaycanın həqiqi məqsədi nə sülh, nə də konkret dəhlizdir. Əsas məqsəd Ermənistanın mümkün qədər zəiflədilməsi və onun xarici siyasətinin Bakının maraqlarından asılı vəziyyətə salınmasıdır.
“Əgər bu gün Əliyevin irəli sürdüyü tələblər yerinə yetirilsə, sabah yeni tələblər ortaya çıxacaq. Bir dəfə o, belə bir fikir səsləndirdi ki, ‘Ermənistan rəhbərliyi hər yerdə “Sülh Çarpazı” layihəsini təbliğ edir, amma bu layihəni mən təqdim etməliyəm”.
Bununla o demək istəyir ki, Ermənistan əgər nəyisə istəyirsə, Londona, Parisə və ya Moskvaya yox, birbaşa ona müraciət etməlidir ki, o da qərar versin – bu tələbləri təmin etmək, ya etməmək” – deyə İskandaryan vurğulayıb.
O, hesab edir ki, Əliyevin bu ritorikası illərlə davam edə bilər. Digər alternativ isə bu prosesin yeni hərbi əməliyyatlara gətirib çıxarmasıdır.
“Hazırda müharibə ehtimalının çox yüksək olduğunu düşünmürəm.
Amma bunu istisna etmək olmaz, xüsusilə də Azərbaycan sürətlə silahlanır və hərbi cəhətdən Ermənistanla müqayisə olunmayacaq dərəcədə üstün vəziyyətdədir.
Lakin ona mane ola biləcək amillər Ermənistanla bağlı deyil.
“Əliyev rejimi klassik dünyəvi Yaxın Şərq monarxiyasına bənzəyir. Əliyev daha nüfuzlu görünmək, qonşu dövlətin – yəni artıq Dağlıq Qarabağ deyil, beynəlxalq aləmdə tanınan bir ölkənin ərazilərini ələ keçirmək və bu işğal olunmuş torpaqdan istifadə edərək Türkiyə vasitəsilə Avropaya məhsul ixrac etmək istəyir. Amma reallıqda ixrac edəcək ciddi bir şey yoxdur.
“Ermənistandan keçəcək dəhliz iqtisadi deyil, geosiyasi bir layihədir” – deyə İskandaryan qeyd edib.
Müharibə ehtimalına gəlincə, o vurğulayıb ki, bu, bəyanatlar və müqavilələrdən asılı deyil.







