
Ermənistan hava nəqliyyatı sahəsində tranzit ölkə kimi mövqe qazanmaq istiqamətində yeni uğurlar əldə edir.
Yerevanın “Zvartnots” hava limanından alınan məlumata görə, 2018-2019-cu illərdə Ermənistandan tranzit ölkə kimi istifadə edən sərnişinlərin sayı 36 nəfər olub.
2024-cü ildə isə bu rəqəm 172 mini keçib. Cari ilin 11 martına olan məlumata görə isə Ermənistandan tranzit ölkə kimi 14 min 542 sərnişin istifadə edib.
Jurnalist ilə müsahibəsində Ermənistanın Regional İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan qeyd edib ki, tranzit sərnişin axınının əksəriyyəti yerli aviaşirkətlər tərəfindən həyata keçirilib.
“Tranzit sərnişinlərin sayının artımında yerli aviaşirkətlərin rolu həlledici və əsasdır, çünki onlar Ermənistanın hava limanlarını tranzit məntəqə kimi istifadə edərək üçüncü ölkələrdən sərnişinləri başqa ölkələrə daşıya bilirlər.
Bu isə Ermənistanda qeydiyyatda olmayan aviaşirkətlər üçün mümkün deyil, çünki hava nəqliyyatı sahəsində hökumətlərarası sazişlərə uyğun olaraq, Ermənistanda qeydiyyatda olmayan şirkətlər üçün tranzit uçuşlar həyata keçirmək mümkün deyil” – deyə Simonyan bildirib.
Baxmayaraq ki, bu illər ərzində rəqəmlərdə artım qeydə alınıb, Ermənistanın tranzit ölkə kimi mövqeyini gücləndirmək üçün daha bir sıra addımlar atılmalıdır.
Simonyan bu məsələni iki hissəyə ayırıb: “Birincisi, infrastruktur təminatıdır. Tranzit axınları keyfiyyətlə idarə etmək üçün uyğun infrastruktur olmalıdır.
Zvartnots hava limanının genişləndirilməsi istiqamətində işlər davam edir. İkincisi isə yeni aviaşirkətlərinin cəlb edilməsi və yerli aviaşirkətlərin inkişafıdır”.
Bilet qiymətlərinin son illərdəki uçuş artımından necə təsirləndiyi sualına cavab verən Simonyan qeyd edib ki, aviabilet qiymətləri bir neçə amildən asılıdır.
Onun sözlərinə görə, bu sahədə münasibətlər bazar prinsipləri əsasında qurulub və aviaşirkətlər bilet qiymətlərini müəyyən edərkən müvafiq istiqamətlər üzrə tələbatı, rəqabəti və öz xərclərini nəzərə alırlar.
2025-ci ildə gözlənilən yeni uçuş istiqamətləri barədə Simonyan bildirib ki, bunlar əsasən Ermənistana yeni ölkələrdən və Ermənistandan yeni istiqamətlərə tələbat əsasında formalaşır.
O, vurğulayıb ki, 2024-cü ildən etibarən yeni elektron platformanın tətbiqi ilə yeni aviaşirkətlərinin Ermənistana uçuşlar təşkil etməsi və yeni marşrutların açılması prosesində heç bir çətinlik yoxdur.
2025-ci ildən etibarən həm nizamsız, həm də nizamlı sərnişin daşınmaları üçün müraciətlər tamamilə elektron şəkildə qəbul edilir.







