Başlıcaİctimaiyyət

Ermənistanla əlaqədə ittiham olunan azərbaycanlı fəal 15 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən azərbaycanlı gənc tədqiqatçı və fəal Bəhruz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Çexiyanın Karlov Universitetinin doktorantı, dövlətə xəyanətdə ittiham olunan araşdırmaçı Bəhruz Səmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Daha öncə, iyunun 20-də keçirilən prosesdə dövlət ittihamçısı Bəhruz Səmədova 16 il cəza verilməsini istəmişdi.

İyunun 21-də isə Bəhruz Səmədov dövlət ittihamçısının ona 16 il həbs cəzası istəməsinə etiraz olaraq intihara cəhd etmişdi.

Bəhruz Səmədov Çexiyanın Karlov Universitetinin doktorantıdır. O, Azərbaycan-Ermənistan münaqişəsi haqqında apardığı araşdırmalar, eləcə də Azərbaycan hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.

O, 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Səbail Rayon Məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.

Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, dövlətə xəyanət ittihamının qondarma olduğunu vurğulayıb, ifadəsində bildirib ki, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunsa da, bunu təsdiqləyən heç bir sübut yoxdur.

Bəhruz Səmədov bildirib ki, sülhpərvərdir, müharibənin əleyhinədir. Çıxışları, məqalələri də bu barədədir. Buna görə də susdurulmaq üçün saxta ittihamla cəzalandırılır.

Daha çox göstər
Back to top button