BaşlıcaSiyasət

ABŞ–Azərbaycan strateji işçi qrupuna Sonata Coulter rəhbərlik edəcək

ABŞ–Azərbaycan strateji işçi qrupuna dövlət katibinin müavini Sonata Coulter rəhbərlik edəcək. APA-nın məlumatına görə, bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı siyasi məsələlər üzrə dövlət katibinin müavini Elison Hooker bildirib.

Dövlət katibinin müavini qeyd edib ki, Cənubi Qafqazda sülh və rifah naminə Prezident Trampın tarixi vizyonunu irəli aparmaq üçün Bakıda olmaq onun üçün böyük şərəfdir.

“Orada qeyd etdiyiniz bütün ikitərəfli məsələləri müzakirə etməyi səbirsizliklə gözləyirəm. Həmçinin avqust ayında keçirilmiş tarixi sammitin müzakirəsini səbirsizliklə gözləyirəm – ticarətdən enerji əməkdaşlığına, regional əlaqələrin möhkəmləndirilməsindən təhlükəsizliyin təmin edilməsinə qədər.

 Bu məsələlərin hamısı avqust ayında aparılan danışıqların və əldə edilmiş razılaşmaların bir hissəsidir və həm ölkələrimiz arasında, həm də Ermənistanla birgə hələ görüləsi çox iş var.

Bu gün mən həmçinin bu danışıqları davam etdirmək üçün işçi qrupunun yaradıldığını elan etməkdən məmnunam. Dövlət katibinin müavini Sonata Coulter həmin işçi qrupuna rəhbərlik edəcək.

Bu, ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlığın əsasını formalaşdıracaq. Bu təşəbbüs, Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişi istiqamətində əldə edilən irəliləyişlə yanaşı, ikitərəfli münasibətlərimizi və tərəfdaşlığımızı daha da dərinləşdirəcək, eləcə də Cənubi Qafqazın həyati əhəmiyyət daşıyan ticarət dəhlizi kimi potensialını üzə çıxaracaq”.

Daha çox göstər
Back to top button